ASTANADA QAZAXISTAN-AZƏRBAYCAN GƏNCLƏRİNİN GÖRÜŞLƏRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət nümayəndə heyəti-Gənclər və İdman Nazirliyinin əməkdaşı Kənan Kərimov, “Yeni Azərbaycan” partiyası gənclər birliyinin sədri Samirə Quliyeva, “İrəli” Ümumrespublika Gənclər Hərəkatının büro üzvü Afaq Zeynalova və Azərbaycan Dövlət İqtisad Universiteti fakültə tələbə-gənclər təşkilatının sədri Əşrəf Şıxəliyev Astanada səfərdə olmuş, müxtəlif görüşlər keçirmişlər.
Nümayəndə heyətinin üzvlərinin Qazaxıstan parlamentinin deputatları ilə görüşlərində hər iki ölkədə gənclərin və uşaqların qayğı və problemləri ilə bağlı bir sıra məsələlər müzakirə edilmişdir.
Onlar ölkənin Təhsil və Elm nazirliyi, Qazaxıstan Psixoloqlar Assosiasiyası, “Demeu”ailə ambulatoriyası, SOS Astana uşaq şəhərciyi, Qazaxıstanın Birinci prezidentinin muzeyi, L.Qumilyov adına Avrasiya Milli Universitetində müxtəlif görüşlər keçirmişlər.
Nümayəndə heyətinin üzvləri, həmçinin, “Nur Otan” partiyasının gənclər qanadı olan “Jas Otan”ın nümayəndələri ilə görüş və Qazaxıstanın aparıcı gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirmiş, Azərbaycanın gənclər siyasəti haqqında ətraflı məlumat vermişlər.
Azərbaycandan gəlmiş nümayəndələr Astanadakı “Xəzər”Azərbaycan Mədəniyyət Mərkəzinin “Xəzər” Gənclər Birliyinin üzvləri ilə də görüşmüş, Azərbaycanda gənclər üçün yaradılan dövlət qayğısından danışmış, ölkəmizdəki ictimai-siyasi vəziyyət haqqında söhbət açmışlar.
Tərəflər əməkdaşlığın genişləndirilməsini qərara almışlar.
Azərbaycanlı gənclər Astananın görməli yerləri ilə də tanış olmuşlar.