ASTARADA 4 MƏKTƏBİN AÇILIŞI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 15-də Astara rayonunda 4 məktəbin açılışı olmuşdur.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Astara şəhər 4 nömrəli orta məktəbi üçün inşa edilən 460, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq rayonun Şiyəkəran kənd 2 nömrəli orta məktəbi üçün 420 və Şahağac kənd 2 nömrəli orta məktəbi üçün 360 şagird yerlik yeni məktəb binaları və əsaslı təmirdən sonra 320 şagird yerlik Ərçivan kənd 4 nömrəli orta məktəbi müəllim və şagirdlərin ixtiyarına verilmişdir.
Tədris müəssisələrində keçirilən mərasimlərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quyliyev, Milli Məclis sədrinin birinici müavini Ziyafət Əsgərov, parlamentin deputatı Vasif Əliyev, rayonun təhsil işçiləri, ağsaqallar və ziyalılar çıxış edərək yeni dərs ilinin başlanması münasibəti ilə müəllim və şagirdləri təbrik etmiş, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında təhsilin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərə müvafiq olaraq və Heydər Əliyev Fondunun həyata keçirdiyi «Yeniləşən Azərbaycana-yeni məktəb» lahiyəsi çərçivəsində inşa edilmiş məktəblərdə lazımı şəraitin yaradıldığını, təhsil ocaqlarının yeni avadanlıq və kompyuterlərlə təmin olunduğunu diqqətə çatdırmışlar.
Tədbirdə bu yeni tədris ilində birinci siniflərədə təhsil alan şagirdlərə Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəbli çantaları və dərs ləvazimatları verilmişdir.