REGİONLAR
Astarada azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilib
Bakı, 11 mart, AZƏRTAC
Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə alırlar.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Şəki, Oğuz, Göyçay, Sabirabad və İsmayıllı rayonlarının ardınca növbəti səyyar satış martın 9-da Astaranın Kijəbə qəsəbəsində keçirilib. Bu qəsəbəyə yaxın bütün ətraf kəndlərin sakinləri səyyar satışdan yararlanıb.
Astara rayonunda keçirilən səyyar satışda Kijəbə və ətraf 12 kənd üzrə 72 vətəndaş güzəştli şərtlərə gübrə əldə edib. Səyyar satışda 16,7 ton ammonium nitrat, 2,6 ton ammonium sulfat, 2,2 ton nitroammofoska gübrəsi satılıb.
Qeyd edək ki, səyyar satışın keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşını almaq, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin etməkdir.