Astarada məktəblilər arasında voleybol üzrə rayon birinciliyinin qalibləri məlum olub
Astara, 6 mart, Bağır Əliyev, AZƏRTAC
Astara Olimpiya İdman Kompleksində rayon icra hakimiyyəti, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən məktəblilər arasında voleybol üzrə rayon birinciliyinin qalibləri məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışda Astara şəhər 1, 2, 3 və 6 nömrəli, Suparibağ, Şağlazüzə kənd tam orta məktəblərinin komandaları qalib adı uğrunda mübarizə aparıblar.
Yarışda daha inamlı oyun nümayiş etdirən Astara şəhər 2 nömrəli və Şağlazüzə kənd tam orta məktəblərinin komandaları finalda qarşılaşıblar.
Rəqibinə böyük üstünlüklə - 3:0 hesabı ilə qalib gələn Şağlazüzə kənd tam orta məktəbinin komandası rayon birinciliyinin qalibi olub.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.