ATİ-də Avropa İttifaqının davamlı turizmin idarəolunmasına dair Tempus layihəsinin müzakirəsi aparılmışdır
Bakı, 18 fevral (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) Avropa İttifaqının “Davamlı turizmin idarəolunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” üzrə Tempus layihəsi çərçivəsində tərəfdaş iştirakçıların növbəti toplantısı keçirilmişdir.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbiri institutun rektoru, professor Cəfər Cəfərov açaraq layihənin əhəmiyyətindən danışmış, iştirakçılara bu işdə uğurlar arzulamışdır.
Tədbirdə ötən ilin sonlarında Riqada keçirilmiş bu layihənin nəticələri və qarşıda duran vəzifələrin mərhələli həlli yolları müzakirə edilmişdir.
Layihənin əlaqələndiricisi Andrea Menn və meneceri Gila Altman da öz çıxışlarında layihə çərçivəsində fəaliyyət göstərən tərəfdaş ali məktəblərin tələbələri üçün Almaniyanın Jade Universitetində, eləcə də Latviya və Gürcüstan universitetlərində 3 aylıq təcrübə keçmə imkanlarının nəzərdə tutulduğunu bildirmişlər. Layihənin sonrakı mərhələlərində isə təlimçilərin müxtəlif istiqamətli təlimlərdə iştirakının təşkili qərara alınmışdır. Eyni zamanda, tərəfdaş ali məktəblərin rəhbərlərinin iştirakı ilə layihənin son nəticələrinə dair görüşün iyun ayında keçiriləcəyi qeyd olunmuşdur.