Atmosferə atılan zərərli qazların azaldılması istiqamətində işlər davam etdirilir
Bakı, 12 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə və müəssisələrinin balansındakı nəqliyyat vasitələrindən atmosferə atılan zərərli qazların miqdarının nəzarətdə saxlanması istiqamətində Ekologiya İdarəsinin ekoloji ölçmə mərkəzində işlər davam etdirilir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, cari ilin yanvarında mərkəzin əməkdaşları Şirvan şəhərinə və Hacıqabul rayonuna ezam olunmuş, “Azəriqaz” İstehsalat Birliyinin (İB) yerli idarələrinin istismarında olan nəqliyyat vasitələrini ekoloji müayinədən keçirmişlər. Hazırda “Azneft” İB, Kompleks Qazma İşləri Tresti, Geofizika və Geologiya İdarəsinin ixtisaslaşmış xüsusi texnika idarələrində, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində, Xəzər Dəniz Neft Donanmasının Maddi Texniki Təchizat İdarəsində nəqliyyat vasitələrinin ilkin ekoloji müayinəsi həyata keçirilir.
Ötən il ARDNŞ-in Balaxanı, Bibiheybət və Hövsanda fəaliyyət göstərən idarə və müəssisələrinin balansındakı nəqliyyat vasitələrinin təxminən 95 faizi ekoloji müayinədən keçirilmişdir. Müayinənin nəticələrinə dair hesabat hazırlanaraq müvafiq müəssisələrə təqdim olunmuşdur. İstifadədə olan avtomobillərin yanacaq sistemlərini tənzimləməklə onları saz vəziyyətdə saxlamaq və ixrac qazlarının tərkibinin normaya uyğunlaşdırılması istiqamətində aparılan işlər ardıcıl davam etdirilir.