AVRASİYA KİTABXANA ASSAMBLEYASININ NÖVBƏTİ İCLASI BAKIDA KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 17-dən 19-dək Bakıda Avrasiya Kitabxana Assambleyasının (AKA) növbəti iclasi keçiriləcəkdir.
Avropa asiyanın nüfuzlu milli kitabxanalarını özündə birləşdirən Avrasiya Kitabxana Assambleyasına 11 dövlət - Azərbaycan, Rusiya Federasiyası, Almaniya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Moldova və s. daxildir.
Assambleyanın prezidenti vəzifəsini hazırda Belarus Milli Kitabxanasının direktoru, professor Roman Motulski icra edir.
AKA-nın növbəti iclasının M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının 85 illik yubileyi çərçivəsində Bakıda keçirilməsi barədə razılıq çoxdan əldə edilmişdir. Azərbaycan tərəfinin təkidli tələbi ilə AKA-nın Bakıda keçiriləcək növbəti iclasında Ermənistan Milli Kitabxanasının iştirakına razılıq verilməmişdir.
İclasda üzv dövlətlər arasında kitabxana-informasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, kitabxana işinin müasir tendensiyalarının və now-how texnologiyalarının tətbiqi və s. məsələlər müzakirə olunacaqdır.
Bundan əlavə, iclasda informasiya resurslarının formalaşması sahəsində təcrübə mübadiləsi də keçiriləcəkdir.