Avropa Şurası Nazirlər Komitəsinin nümayəndə heyəti Dövlətqaçqınkomda olub
Bakı, 9 aprel, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov aprelin 9-da ölkəmizdə səfərdə olan Avropa Şurası
Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun nümayəndə heyəti ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə əsasən ölkəmizin bu təşkilat qarşısında öhdəliklərinin yerinə yetirilməsi vəziyyəti ilə bağlı məsələlər müzakirə edilib. Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verilib. Bildirilib ki, azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar.
Komitə sədrinin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyon iki yüz mindən artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonaqların diqqətinə çatdırıb.
Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib. Bu münaqişə təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün təhlükədir.
Görüşdə, həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 90 müasir qəsəbə salınıb. 240 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb və bu proses davam edir.
Səfər barədə məlumat verən nümayəndə heyətinin rəhbəri Aleksandr Qessel bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri, ölkəmizdəki qaçqın və məcburi köçkünlərlə bağlı məlumatı var. Lakin bu səfər zamanı daha ətraflı məlumat alıb. O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi bütün region üçün ciddi problemdir.
Sonda qonaqlara “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.
Nümayəndə heyəti Dövlətqaçqınkomda yaradılmış Heydər Əliyev guşəsində Ümummilli Liderin qaçqın və məcburi köçkün soydaşlarımızla keçirdiyi görüşləri və digər tədbirləri əks etdirən fotolarla, digər eksponatlarla tanış olublar.