RƏSMİ XRONİKA
“AZ-RUS DOSTLUQ” ASC-NİN MƏHSULLARI MDB ÖLKƏLƏRİNƏ DƏ İXRAC EDİLİR
Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Samux rayonunda “Az-Rus Dostluq” Açıq Səhmdar Cəmiyyətində olmuşdur.
Burada dövlətimizin başçısını səmimiyyətlə qarşıladılar.
Prezident İlham Əliyevə məlumat verildi ki, 2002-ci ildən fəaliyyət göstərən müəssisənin 40 hektar sahəsi var. Tikinti işlərinə 3 milyon manat investisiya qoyulmuşdur. Tərəvəz məhsulları yetişdirilən istixana kombinatının 19 hektar əkin sahəsi var. Hazırda onun 7 hektarından istifadə olunur, ildə 600 ton pomidor və xiyar istehsal edilir. Bu məhsullar respublikanın şəhər və rayonlarına göndərilir, habelə MDB ölkələrinə ixrac olunur. Hazırda burada 600 nəfər işçi çalışır və gələcəkdə onların sayının 1000 nəfərə çatdırılması planlaşdırılır. Orta aylıq əmək haqqı 350 manat təşkil edir.
Dövlətimizin başçısı kombinatın fəaliyyətini əks etdirən fotostendə, məhsul və şitil yetişdirilən sahələrə baxdı, işçilərlə görüşdü. Müəssisənin kollektivi ölkədə yeni istehsal sahələrinin yaradılmasına görə Prezidentə minnətdarlıqlarını bildirdilər.
Prezident İlham Əliyev istixana şəraitində məhsul becərməyin çətinliyini vurğulayaraq, kollektivin əmək haqqının yüksək olmasının zəruriliyini bildirdi və keyfiyyətli məhsul yetişdirməyi tövsiyə etdi.
######