Azadlığımızın başlanğıc günü – 20 Yanvar
Bakı, 19 yanvar, AZƏRTAC
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya yeridilməsi, əliyalın xalqa divan tutulması əmrini verən Kreml rəhbərləri təkcə Azərbaycanda olan xalq etirazlarını yatırmaq məqsədi güdmürdü. Bu, daha böyük və məkrli planın bir hissəsi idi. Hər şey 1987-ci ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın dədə-baba yurdlarından qovulması ilə başlandı. 20 Yanvar hadisələri ilə hər şeyə nöqtə qoymalı, azərbaycanlıların mübarizə əzmi qırılmalı, gözü qorxudulmalı idi. Məhz bundan sonra Qarabağı daha rahat şəkildə Ermənistana birləşdirmək, İrəvanda, Zəngəzurda, Göyçədə və digər Qərbi Azərbaycan torpaqlarında yaşayan türklərin bu yerlərlə əlaqəsini birdəfəlik kəsmək mümkün olacaqdı. 1990-cı ildə baş verən qanlı qırğından sonra Azərbaycanın məqsədli şəkildə informasiya blokadasına alınması da bu plana xidmət edirdi.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayev söyləyib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev hadisələrin səhəri günü doğma xalqının haqq səsini ucaltmağa müvəffəq oldu. Sonrakı illərdə də 20 Yanvar hadisələrinə hüquqi qiymət məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verilmiş oldu.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin yeni səhifəsi açılıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan şanlı Qələbə tarixdə baş vermiş qanlı hadisələrə baxış bucağını da dəyişib. Bu gün Yanvar faciəsi də təkcə hüzn günü kimi anılmır. 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq mübarizəsinin ən önəmli səhifələrindən biridir. Artıq 33 ildir ki, həmin qanlı gecədə həlak olan azərbaycanlıların uyuduğu xiyaban vətəndaşlar üçün ən müqəddəs məkana çevrilib. Prezident İlham Əliyev Azərbaycan xalqına Şuşa müjdəsini də məhz Şəhidlər xiyabanında verdi. Sanki bununla xiyabanda uyuyan həm 20 Yanvar, həm də Birinci Qarabağ müharibəsi şəhidlərinin narahat ruhu dinclik tapmış oldu.
“20 Yanvar faciəsi Azərbaycan xalqına böyük bir zərbə olsa da, onu sındırmadı. Düşmən öz vəhşiliyi ilə qarşısına qoyduğu heç bir məqsədə çata bilmədi. 30 il Azərbaycan torpaqlarını əsarətdə saxlayan Ermənistanın və onun havadarlarının da niyyəti baş tutmadı. Artıq müqəddəs Şəhidlər xiyabanında olduğu kimi, Qarabağda da Azərbaycanın şanlı üçrəngli bayrağı dalğalanır. Azərbaycanın döyüş meydanında qazandığı Qələbə siyasi arenada da uğurla davam etdirilir. Son hadisələr bizə daha nikbin olmağa və gələcəyə ümidlə baxmağa əsas verir. Artıq ölkə Prezidentinin başçılığı altında Böyük Qayıdışa da start verilib. Bu Qayıdış təkcə işğaldan azad edilən ərazilərlə yekunlaşmayacaq. 1980-ci illərin sonunda Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın da öz dədə-baba yurdlarına qayıdacağı gün uzaqda deyil. Tezliklə tarixi Azərbaycan torpağı olan İrəvanda da türklərin nəfəsi duyulacaq. Bunun üçün hamılıqla çalışmalı, ölkə başçısının ətrafında dəmir yumruq kimi birləşməliyik. Məhz bu şəkildə tarix boyu Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən insanların ruhu qarşısında öz borcumuz ödəmiş olarıq. Biz tarixdə xalqımızın başına gətirilən faciələrdən düzgün nəticə çıxarmağı bacardıq. Artıq Azərbaycan xalqı öz şəhidlərini qalib ölkənin vətəndaşı kimi ziyarət edir. Otuz il müddətində 20 Yanvar hadisələrinin, Xocalı soyqırımının, Qarabağda düşmənin törətdiyi vəhşiliklərin, Qərbi Azərbaycandan soydaşlarımızın qovulmasının unudulmaması, gələcək nəsillərə ötürülməsi bizi Qələbəyə aparan ən başlıca amillərdən idi. Bu gün qalib xalq kimi öz tariximizi daha dərindən öyrənməli, düşmənin heç zaman məkrli məqsədindən dönməyəcəyini unutmamalıyıq. Azərbaycan xalqı öz keçmişi, bu günü və gələcəyi ilə güclüdür”, - deyə Orxan İsayev vurğulayıb.