MƏDƏNİYYƏT
Azərbaycan Berlində açılmış “İTB Berlin - 2014” Beynəlxalq turizm sərgisində təmsil olunur
Bakı, 6 mart (AZƏRTAC). Martın 5-də Almaniyanın paytaxtında “İTB Berlin – 2014” Beynəlxalq turizm sərgisi açılmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, martın 9-dək davam edəcək sərgidə Azərbaycan Respublikası da geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə nazirliyin məsul əməkdaşları, həmçinin “SW travel”, “Millenium Tourism and Congress”, “The tour”, “İmprotex travel”, “Gilan tourism”, “ENC Tours”, “AL travel”, “Geo travel”, “Regea travel”, “Victory tour”, “Xəzər travel”, “Atropatena travel”, “Eurotourism”, “Proxy travel”, “Billur tur”, “Turizm.az” turizm şirkətləri və “Jumeirah Bilgah Beach hotel”, “Rixos Quba” mehmanxanalarının təmsilçiləri və Azərbaycan Dövlət Rəqs Ansamblının 6 nəfərdən ibarət rəqs qrupu daxildir.
Sərgidə 104 kvadratmetr sahədə respublikamızın turizm imkanlarını əks etdirən lövhə quraşdırılmış, stendimiz ingilis və alman dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunmuşdur.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin turizm şirkətləri 2004-cü ildən başlayaraq “İTB Berlin” Beynəlxalq turizm sərgisində iştirak edirlər. Ötən il bu sərgidə ümumilikdə dünyanın 10100-ə yaxın şirkəti təmsil olunmuşdu.