AZƏRBAYCAN DİASPORUNUN TARİXİ ÖYRƏNİLİR
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələr xeyli genişlənmiş və diasporla iş dövlət siyasətinə çevrilmişdir. Bunun nəticəsində ölkəmizin kütləvi informasiya vasitələrində mühacirətdə yaşamış görkəmli soydaşlarımızın səxsiyyəti və fəaliyyəti ilə bağlı müəyyən məqalələr və müsahibələr işıq üzü görməkdədir. Təəssüflə qeyd olunmalıdır ki, Azərbaycan cəmiyyəti hələ də bir çox dəyərli soydaşlarımız barədə dəqiq məlumatlara malik deyildir.
Qeyd edilənləri nəzərə alaraq, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi müxtəlif səbəblərdən ayrı-ayrı dövrlərdə xarici ölkələrdə yaşayıb-yaratmış görkəmli və tanınmış soydaşlarımız barədə çoxcildlik kitabın nəşr edilməsini qərara almışdır. Ötən ilin sonundan başlayaraq qısa müddət ərzində Komitə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun “Azərbaycan diasporu” şöbəsi ilə birgə 90 nəfərədək soydaşımız barədə məqalələr və avtobioqrafik məlumatlar toplamışdır. Müxtəlif mənbələrdən istifadə edilməklə toplanmış materiallar sırasında Ə.B. Topçubaşov, Ə.B.Ağayev, Ə.B.Hüseynzadə, M.Ə. Rəsulzadə, Ümmulbanu, Almas Yıldırım kimi görkəmli şəxsiyyətlər barədə məlumatlar vardır.
Dövlət Komitəsi adları və fəaliyyətləri hələ də geniş ictimaiyyətə qaranlıq olan azərbaycanlı mühacirlər barədə müxtəlif materiallara malik olan (sənədlər, kitablar, məqalələr, fotoşəkillər) şəxslərə müraciət edərək, onların yeni çap olunacaq kitabda yer almasına şərait yaratmağa çağırır.
Əvəzsiz məlumat və materialları Dövlət Komitəsinə təqdim edərək bununla Azərbaycan diasporu tarixinin öyrənilməsinin inkişafına xidmət edəcək ayrı-ayrı şəxslərin adları, yaxınlarda çap olunacaq “Azərbaycan diasporunun görkəmli nümayəndələri” kitabında minnətdarlıqla qeyd ediləcəkdir.
Dövlət Komitəsinin ünvanı: Bakı şəhəri, S. Vurğun küçəsi. 24. Əlaqə telefonları 93-10-54, 98-49-73, 93-28-69.