Azərbaycan gəncləri Xocalı həqiqətlərini dünyaya bəyan edirlər
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da “İRƏLİ” İctimai Birliyinin (İB) Şuşa zalında Xocalı faciəsi ilə bağlı silsilə tədbirlərə start verilmişdir.
AZƏRTAC xəbər verir ki, “İrəli” İB-nin sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı dünyanın 20-dən çox ölkəsində təhsil alan gənclərimizin Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirdiklərini, artıq informasiya savaşında ermənilərin uduzduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan tarixi haqqında məlumatları əks etdirən sayt da fəaliyyətdədir. Sayta 260 kitab yüklənmişdir. Xocalı həqiqətləri barədə beynəlxalq təşkilatların elektron ünvanlarına 20 minə qədər məlumat göndərilmişdir.
“Unutmadıq! Unutdurmadıq!” devizi altında keçirilən tədbirdə Xocalı soyqırımına həsr olunmuş bloqun (mykhojaly.wordpress.com) təqdimatı olmuşdur. Qeyd edilmişdir ki, ermənilər tərəfindən işğal olunmuş rayonlarımız haqqında indiyədək bir neçə dildə bloq və saytlar yaradılmışdır. Xocalı bloqu isə “Mənim Qarabağım, mənim Azərbaycanım!” layihəsi çərçivəsində hazırlanmış 9-cu bloqdur.
Sonra Xocalı hadisəsi zamanı həmvətənlərimizin başına gətirilən müsibətləri və faciəni əks etdirən film göstərilmişdir.
Daha sonra Natəvan heykəlinin qarşısında xarici ölkə səfirliklərinin diqqətini cəlb etmək məqsədi ilə flaşmob keçirilmişdir. Gənclər soydaşlarımızın soyqırımına dünyanın hələ də göz yummasına etiraz etmiş, minlərlə insanı evsiz-eşiksiz qoyan, arzularını güllələyən ermənilərin əməllərini pisləmişlər. Yüzlərlə yeniyetmə üstünə “Evimizə getmək istəyirəm” sözləri yazılmış plakatlarla yürüş etmişlər. Eyni zamanda, paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına faciə ilə bağlı bukletlər paylanmışdır.
Tədbir Xocalı abidəsinin ziyarəti ilə başa çatmışdır.
######
