AZƏRBAYCAN GİMNASTLARI BRNO QRAN-PRİSİNDƏ VƏ LATVİYADA KEÇİRİLMİŞ TURNİRDƏ İŞTİRAK ETMİŞLƏR
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətində bildirmişlər ki, ip və top ilə hərəkətlərin finalında hər iki halda dördüncü yeri tutmuş həmyerlimiz digər iki finalda - halqa və lent ilə hərəkətlərdə Qran-prinin səkkiz ən güclü iştirakçısı arasında axırıncı yeri, çoxnövçülüyün yekunlarına görə isə yeddinci yeri tutmuşdur.
Brno turniri ilə eyni vaxtda Riqada keçirilən “Baltik halqası” turnirində ölkəmizi Samirə Mustafayeva təmsil etmişdir. Ayrı-ayrı əşyalarla çıxış etmək hüququ uğrunda təsnifat yarışmasının yekunlarına görə S.Mustafayeva ip və top ilə hərəkətlərin final mərhələsinə çıxmış və hər iki növdə beşinci yerləri tutmuşdur.
Gimnast qızlar müxtəlif turnirlərdə iştirak edir və cari ilin birinci yarısında əsas hadisəyə - Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşırlar. Çempionatın başlanmasına hələ iki ay qalsa da, artıq, iştirakçı ölkələrin sayı məlumdur, yarışların cədvəli tərtib edilmişdir.
Beləliklə, Avro-2009 çempionatının açılışı mayın 15-də olacaqdır. Həmin gün şəxsi birincilik yarışları keçiriləcəkdir. Ertəsi gün komanda yarışlarına yekun vurulacaq, gənclərdən ibarət kollektivlərin ixtisas turniri keçiriləcəkdir.
Nəhayət, mayın 17-də 5 final yarışı olmalıdır. Bu yarışlardan dördündə (ip, halqa, top və lent ilə hərəkətlər) şəxsi birinciliyin, birində isə (lent ilə hərəkətlər) qrup birinciliyinin qalibləri müəyyən ediləcəkdir. Avropa çempionatının sonunda qitənin ən yaxşı gimnastlarının Qala çıxışları olacaqdır.
Bakıda keçiriləcək 25-ci, yubiley çempionatında 32 ölkədən 200-ə yaxın gimnast iştirak edəcəkdir. 31 ölkənin idmançıları fərdi turnirdə çıxış edəcək, Köhnə Dünyanın 17 komandası isə yeniyetmələrdən ibarət sekstet qruplarında qüvvələrini sınayacaqlar. Bakıda keçiriləcək Avro-2009 çempionatı yeni Olimpiya dövrəsində ilk mühüm yarış olacaqdır. Avropanın ən yaxşı gimnast qadınlarının yarışları Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arenasında keçiriləcəkdir.