Azərbaycan güləşçiləri Bolqarıstanda U-23 Avropa çempionatında mübarizəni davam etdirirlər
Bakı, 1 aprel, AZƏRTAC
Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışların dördüncü günündə 53, 58, 63 və 75 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizə aparacaqlar. Azərbaycan güləşçiləri iki çəki dərəcələrində təmsil olunurlar.
Çempionatda 53 kiloqram çəki dərəcəsində çıxış edən Leyla Qurbanova mübarizəyə səkkizdəbir final mərhələsindən başlayacaq. Onun rəqibi Rumıniya təmsilçisi Simona Pricob olacaq. Azərbaycanın digər təmsilçisi Alyona Kolesnik isə dörddəbir finalda Moldova güləşçisi Ekaterina Rusuya qarşı mübarizə aparacaq.
Çempionatın üçüncü günündə mübarizəyə qoşulan qadın güləşçilərimiz bir qızıl və iki bürünc medal qazanıblar. Tatyana Omelçenko (60 kq) qızıl, Almaz İsmayılova (55 kq) və Elis Manolova (69 kq) bürünc medala sahib olublar.