Azərbaycan Hanoyda keçirilən xeyriyyə yarmarkasında təmsil olunub
Hanoy, 25 noyabr, AZƏRTAC
Azərbaycan Vyetnamın paytaxtı Hanoy şəhərində ən kütləvi tədbirlərdən biri olan ənənəvi xeyriyyə yarmarkasında təmsil olunub. Diplomatik nümayəndəliklərin, diaspor və qeyri-hökumət təşkilatlarının, yerli və xarici şirkətlərin təmsilçilərinin iştirak etdikləri yarmarkanın əsas məqsədi satışdan əldə olunan vəsaitin xeyriyyə layihələrinə sərf olunmasıdır. Bununla yanaşı, yarmarka iştirakçı ölkələrin tarixi irsinin, mədəniyyətinin, mətbəxinin və turizm potensialının təbliği baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycanın Vyetnamdakı səfirliyi “Bakı-2015” ilk Avropa Olimpiya Oyunlarının təqdimatı məqsədilə ölkəmiz üçün ayrılmış stendin tərtibatında “Bakı-2015”-in loqolarından istifadə edib. Stendimizdə milli suvenirlər, xalçalar, habelə ölkəmizlə bağlı şəkillər, kitablar, bukletlər, video çarxlar və digər təbliğat materialları nümayiş etdirilib, Azərbaycan mətbəxindən nümunələr təqdim olunub. Aksiya zamanı Azərbaycan mətbəxinə dair Vyetnam dilində çap olunmuş kitabın təqdimatı keçirilib, stendimizi ziyarət edənlərə nəşrin nüsxələri paylanılıb.
Yarmarkada Azərbaycan istehsalı olan meyvə şirələri, mürəbbə və çay məhsullarının Vyetnam Ticarət Palatası vasitəsilə dəvət edilmiş bir sıra şirkətlərin nümayəndələrinin iştirakı ilə dequstasiyası keçirilib.
Azərbaycan stendi 2013-cü ildə olduğu kimi, bu il də ən çox ziyarət olunan stendlərdən biri kimi iştirakçıların böyük marağı ilə qarşılanıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy