Azərbaycan İstanbulda keçirilən “EMİTT-2014” turizm sərgisində təmsil olunur
İstanbul, 30 yanvar (AZƏRTAC). Azərbaycan İstanbulda dünyanın 70 ölkəsindən 4500 turizm şirkətinin iştirakı ilə keçirilən 18-ci Şərqi Aralıq dənizi Beynəlxalq Turizm və Səyahət Sərgisində (“EMİTT-2014”) geniş təmsil olunur.
Sərgidə xüsusi stendi olan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin bölmə müdiri Rəhman Oruclu AZƏRTAC-a bildirmişdir ki, hər il bu beynəlxalq sərgidə geniş şəkildə təmsil olunan ölkəmizin şirkətləri son illər turizm sahəsində böyük təcrübə toplamışlar. İstanbul sakinləri və şəhərin qonaqlarında maraq doğuran stendlərdə ölkəmizin mədəniyyəti, tarixi abidələri, maddi və qeyri-maddi mədəni irsimiz öz əksini tapmışdır. Sərgiyə gələnlərə ingilis və türk dillərində “Azərbaycanın mədəni irsi örnəkləri UNESCO siyahılarında”, “Böyük İpək Yolu və Azərbaycan”, “Azərbaycanda ənənəvi əl sənətləri” kitabçaları təqdim edilir.
“Regea Travel”, “Millenium”, “Greenwich”, “Rixos Guba”, “Gilan Turizm”, “Geotravel” şirkətləri, “Təbriz Naxçıvan”, “Divan” və “Qafqaz” otellərinin stendlərində ölkəmizə gələcək turistlərə yaradılan imkanlar haqqında foto və yazılı informasiyalar yer almışdır. Şirkətlərin təmsilçiləri dünyanın müxtəlif ölkələrindən gəlmiş həmkarları ilə danışıqlar da aparırlar.
Sərgi fevralın 2-dək davam edəcəkdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul