Azərbaycan IV Beynəlxalq Nevski ekoloji konqresində təmsil olunmuşdur
Bakı, 23 may (AZƏRTAC). Azərbaycan Respublikası Аilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mayın 16-dan 22-dək Rusiya Federasiyasında işgüzar səfərdə olmuşdur.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, səfər çərçivəsində H.Hüseynova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavini Svetlana Orlovanın dəvəti ilə Sankt-Peterburqda MDB-nin yaradılmasının 20-ci ildönümünə həsr olunmuş IV Beynəlxalq Nevski ekoloji konqresində iştirak etmişdir.
Konqresdə çıxış edən H.Hüseynova əhalinin ekoloji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycan hökuməti tərəfindən qarşıya çıxan problemlərin aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, böyüməkdə olan nəslin sağlamlığı ekologiyanın vəziyyəti ilə sıx bağlıdır. Sağlam ətraf mühit - sağlam millət deməkdir.
Müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və əhalinin maarifləndirilməsi istiqamətində Azərbaycan hökumətinin gördüyü işlər haqqında da ətraflı danışan komitə sədri vurğulamışdır ki, qadınlar və uşaqlar öz hüquqları ilə bağlı maarifləndirilən zaman ekoloji hüquqların da nəzərə alınması vacibdir.
Ermənistanın Azərbaycana 20 ildən artıq davam edən hərbi təcavüzü nəticəsində uşaq və qadın hüquqlarının pozulduğunu bildirən H.Hüseynova qaçqın və məcburi köçkün uşaqların vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkəmizdə dövlət tərəfindən göstərilmiş diqqət və qayğıdan danışmışdır. Ermənistanda fəaliyyət göstərən “Metsamor” atom elektrik stansiyasının bütövlükdə region üçün təhlükə olduğunu vurğulayan komitə sədri bu məsələlərdə MDB dövlətlərini həssas olmağa çağırmışdır.
Səfər çərçivəsində H.Hüseynova Rusiya Federasiyasının səhiyyə və sosial inkişaf naziri Tatyana Qolikova və Çətin həyat şəraitində yaşayan uşaqlara dəstək Fondunun rəhbəri Marina Qordiyeva ilə görüşmüşdür.
Görüşlərdə ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.