Azərbaycan Konqreslər Bürosu növbəti təlimini başa vurub
Bakı, 9 mart, AZƏRTAC
Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu (AKB) növbəti dəfə öz tərəfdaşları üçün təlim təşkil edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əsas məqsədi ölkəyə beynəlxalq sərmayələri cəlb etməklə Azərbaycanı dünyanın misilsiz görüşlər məkanına çevirmək olan AKB cari il üçün nəzərdə tutulan ikinci təlimini “Hilton Baku” mehmanxanasında reallaşdırıb.
Sərgilərdə iştirakın səmərəliyinin artırılması yolları üzərində qurulan bu təlim büronun icraçı direktoru Florian Sengstschmid tərəfindən aparılıb. Təlimdə büro üzvlüyündə olan mehmanxana və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlərin 30-dan artıq peşəkar nümayəndəsi iştirak edib.
Belə təlimlərin keçirilməsi yerli turizm şirkətləri və mehmanxanaların işinin yaxşılaşdırılması, turistlərin sayının artırılması və bunun sayəsində də gəlirlərin artırılması üçün olduqca əhəmiyyətlidir.
Təlimdə müzakirələr əsasən ixtisaslaşmış ticarət sərgiləri, belə sərgilərin əhəmiyyəti, marketinq üsulları, ticarət sərgiləri zamanı, ondan əvvəl və sonra atılacaq addımlar kimi mövzuları əhatə edib. Bundan başqa iştirakçılar effektiv təqdimatın hazırlanması və sərgilərdə iştirakın daha faydalı olması üçün gərəkli olan fəaliyyət və üsulları nəzərdən keçirib.
Azərbaycan Konqreslər Bürosu aktiv şəkildə öz üzvləri ilə birgə Görüşlər Sənayesi tədbirlərində iştirak edir. Bunu nəzərə alaraq bu sahədə çalışan şirkətlərə gələcək tədbirlərdə istifadə edə biləcəkləri nəzəri və praktiki məsləhətlər vermək olduqca gərəklidir.
Tədbir zamanı, iştirakçılar geniş fikir mübadiləsi aparıb və sərgilərdə Azərbaycan stendinin daha da maraqlı, gözəgəlimli tərtib olunması və turizm məkanı olaraq ölkəmiz haqqında daha dolğun informasiyanın təqdim olunması istiqamətində öz fikirlərini AKB ilə bölüşüblər.