Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkəmizə cəlb olunmuş böyük konfransın açılışı baş tutub
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycana beynəlxalq sərmayələri cəlb etməklə, ölkəmizi dünyanın bənzərsiz görüşlər məkanına çevirmək istiqamətində durmadan çalışan Azərbaycan Konqreslər Bürosu (AKB) daha bir uğura imza atıb. İlk dəfə olaraq AKB-nin təşəbbüsü və dəstəyi ilə “Baku Glass 2016” beynəlxalq tədbiri ölkəmizdə təşkil olunur.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Baku Glass 2016” Təşkilat Komitəsi beynəlxalq əhəmiyyətli bu tədbirin yüksək səviyyədə təşkil olunması məqsədilə məhz Azərbaycan Konqreslər Bürosuna müraciət edib. Büro isə öz növbəsində tədbirin uğurla keçirilməsi və bütün tərəflərin bu tədbirdən tam şəkildə faydalana bilməsi üçün böyük bir səylə çalışıb.
İki yüzə qədər nümayəndənin iştirak etdiyi bu beynəlxalq əhəmiyyətli tədbir öz işinə martın 1-də “Holiday Inn Hotel Baku”da başlayıb.
Qafqazda şüşə istehsalı sahəsi və emal sənayesində çalışan təchizatçı, mütəxəssis, rəhbər və beynəlxalq ekspertlər bu sahədəki ən son yenilikləri öyrənmək, biznesi inkişaf etdirmək və müzakirələr aparmaq üçün Bakıda görüşmək imkanı əldə edib.
Tədbir iştirakçıları “Baku Glass 2016”ya qoşulmaqla yanaşı, ölkəmizin turizm sahəsinin təqdim etdiyi imkanlarla, yaradılan infrastruktur, dəbdəbəli mehmanxana və möhtəşəm məkanlarla tanış olacaqlar.
İki günlük tədbir çərçivəsində seminarların və “Glass Performance Days” konfransının təşkili, həmçinin sərgi sahəsində beynəlxalq şirkətlərin öz stendləri ilə təmsil olunması planlaşdırılır.
“Baku Glass 2016” əsasən İtaliya, Almaniya, Rusiya və Türkiyədən olan şirkət və təchizatçıları bir araya gətirir. Tədbir çərçivəsində xarici təchizatçılar Azərbaycanın yerli mütəxəssisləri və ekspertləri ilə görüşərək birgə iş birliyi imkanlarını araşdıracaqlar.