Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları start götürüb
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də futbol üzrə Topaz Premyer Liqasında 34-cü turun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, turun ilk görüşündə AZAL komandası “Zirə”ni qəbul edib. Tərlan Əhmədovun komandası qələbəyə yaxın olsalar da, təşəbbüsü sonadək qoruya bilməyiblər və “Zirə” rəqib meydanından bir xalla ayrılıb. AZAL Nuqzar Kvirtiyanın 68-ci dəqiqədə vurduğu qolla hesabı açıb. “Zirə”nin cavab qolu isə matçın 86-cı dəqiqəsində Viktor İqbekoyi tərəfindən vurulub.
Gəncə şəhər stadionunda keçirilmiş paralel matçda isə “Kəpəz” və “Neftçi” komandaları görüşüb. Paytaxt təmsilçisi hesabda geri olmasına baxmayaraq, sonda oyunu öz xeyrinə dəyişməyi bacarıb-1:2. “Kəpəz” Julien Ebahın 4-cü dəqiqədə vurduğu qolla ilk hissəni qalib başa vurub. İkinci hissəyə daha fəal başlayan qonaqlar 49-cu dəqiqədə Antonio Quintanın qolu ilə görüşdə status-kvonu bərpa ediblər. Ruslan Qurbanov final fitinə 10 dəqiqə qalmış “Neftçi”nin qalibiyyət qolunu vurub.
Beləliklə, 34 turdan sonra “Zirə” 60 xalla turnir cədvəlində ikinci, “Kəpəz” 55 xala üçüncü pillədədir. AZAL 46 xalla 6-cı, hesabında 46 xal olan “Neftçi” isə yeddinci yerdədir.