Azərbaycan Prezidenti İlham Əliyev: Ölkədə yeni turizm zonaları yaradılır
Bakı, 6 fevral (AZƏRTAC). Daxili turizm böyük dərəcədə artır və əminəm ki, xarici turizmdə də böyük artım olacaqdır.
AZƏRTAC-a xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı yekun nitqində bildirmişdir.
Qeyd olunmuşdur ki, bu sahədə daha da böyük artım olacaqdır. Yeni turizm zonaları yaradılır. Son beş il ərzində “Şahdağ” dağ -xizək kompleksi yaradılıbdır. Orada artıq dörd gözəl otel fəaliyyət göstərir, bir otel isə tikilir. Bundan əlavə, “Tufandağ” xizək mərkəzi yaradılıbdır. Onun ətrafında ona yaxın otel, beynəlxalq aeroport tikilibdir.
Dövlətimizin başçısı vurğulamışdır ki, Naftalanın keçmiş şöhrətinin bərpası istiqamətində də tədbirlər görülür. “Naftalan vaxtilə Ümumittifaq turizm mərkəzi idi. Bu gün biz bunu beynəlxalq turizm mərkəzinə çeviririk. Artıq iki gözəl otel fəaliyyət göstərir, üçüncüsü də tikilir”.
Prezident İlham Əliyev həmçinin “Qalaaltı” müalicəvi mərkəzinin bərpasının yekunlaşdığını, bunun da kurort turizminin inkişafı üçün çox vacib bir obyekt olacağını diqqətə çatdırmışdır.