AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ
- 2007-ci ildə ölkənin inkişafında müsbət dinamika yenə də özünü göstərir. Bu onu göstərir ki, Azərbaycanda aparılan iqtisadi islahatlar çox uğurludur. Bu gün biz 9 ayın yekunlarını müzakirə edəcəyik. Həm görülmüş işlər haqqında söhbət açacağıq, eyni zamanda, gələcəkdə görüləcək işlər barədə fikir mübadiləsi aparılacaqdır. Biz bu iclasları mütəmadi qaydada keçiririk. Nazirlər Kabinetinin toplantıları ildə dörd dəfə keçirilir və hər rübdə əldə edilmiş uğurlar, çatışmayan cəhətlər, ən önəmlisi isə gələcək perspektivlər müzakirə olunur.
Bütövlükdə, Azərbaycanda iqtisadi artım yüksək sürətlə davam edir. Bu ilin 9 ayında iqtisadi artım 27 faiz, sənaye istehsalının artımı da 27 faiz olmuşdur. Bizi narahat edən inflyasiya təxminən 16 faiz səviyyəsindədir. Ərzaq məhsullarının bahalaşması isə 15 faiz həddindədir. Əlbəttə, bu, bizi çox narahat edir və çalışacağıq ki, inflyasiyanın səviyyəsini maksimum dərəcədə aşağı salaq. Amma bildiyiniz kimi, inflyasiyaya təkan verən kifayət qədər çox obyektiv səbəblər var: dünyada neftin qiymətlərinin artması, eyni zamanda, Azərbaycana idxal edilən məhsulların, malların bahalaşması. Əgər MDB məkanına nəzər salsaq görərik ki, o ölkələrdə də inflyasiya çox yüksək sürətlə davam edir. Hətta bəzi ölkələrdə son bir neçə ay ərzində ərzaq məhsulları 40-50 faiz bahalaşıbdır. Əlbəttə, bu o demək deyil ki, biz də bu vəziyyətlə barışaq. Ancaq bu obyektiv səbəblər var və əlbəttə ki, ölkədə gedən bahalaşmaya öz mənfi təsirini göstərir. Bununla bərabər, subyektiv səbəblər var və biz də bunları aradan qaldırmağa çalışmalıyıq, bunu etməliyik. Xüsusilə inhisarçılıq, qeyri-sağlam rəqabət və onun nəticəsi olan qiymətlərin bahalaşması.
Ancaq inflyasiya ilə bərabər, onu da bilməliyik ki, əhalinin pul gəlirləri 9 ayda təxminən 40 faiz artıbdır, adambaşına gəlirlər isə 38 faizdən çoxdur. Beləliklə, insanların, əhalinin real gəlirlərinin artımı bu müddət ərzində 22 faiz təşkil edir. Bu, çox böyük göstəricidir. Əlbəttə ki, bu, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasının əlamətidir. Bu onu göstərir ki, aparılan iqtisadi islahatlar öz bəhrələrini verməkdədir. Azərbaycanda həyat səviyyəsi qalxır, yoxsulların, işsizlərin sayı azalır və beləliklə, bu, ölkəmizin hərtərəfli inkişafı üçün gözəl şərait yaradır. Bu müddət ərzində valyuta ehtiyatlarımız da artıbdır. Bu gün bütün mənbələrdə Azərbaycanın valyuta ehtiyatları 6,3 milyard dollar səviyyəsindədir. Bu çox böyük məbləğdir və bizə imkan yaradır ki, öz iqtisadi islahatlarımızı daha da cəsarətlə aparaq. İmkan yaradır ki, dünyada baş verə biləcək hər hansı xoşagəlməz hadisə, yaxud da iqtisadi böhran Azərbaycana öz təsirini göstərməsin. Biz də bunun şahidiyik. Görürük ki, bəzi ölkələrin maliyyə bazarlarında müxtəlif səbəblərə görə baş vermiş böhranlı hadisələr Azərbaycana təsir etmir. Bunun müxtəlif səbəbləri var, o cümlədən bizim güclü maliyyə resurslarımız.
Onu da bilirik ki, gələcək illərdə bu resurslar daha da artacaqdır. Azərbaycanda Heydər Əliyevin neft strategiyasının uğurla icrası nəticəsində növbəti illərdə böyük valyuta axını gözlənilir və əlbəttə, bu, bizim iqtisadiyyatımızı, bütövlükdə ölkəmizi əhəmiyyətli dərəcədə möhkəmləndirəcək amildir. Bu müddət ərzində görülmüş işlər, aparılmış təhlillər, iqtisadi islahatlar nəticəsində bizim maddi imkanlarımız da artmaqdadır.
Artıq 2008-ci ilin dövlət büdcəsi müzakirə olunur və ildən-ilə büdcənin həcmi artır. 2008-ci il də istisna olmayacaqdır. 2008-ci ildə dövlət büdcəmizin xərcləri 10 milyard dollar təşkil edəcək, icmal büdcə isə 12 milyard dollar olacaqdır. Bu, çox böyük nailiyyətdir, çox böyük rəqəmdir. Nəzərə alsaq ki, 2003-cü ildə dövlət büdcəmiz təxminən 1,5 milyard dollar idi, bu onu göstərir ki, ötən illər ərzində büdcəmiz təxminən 10 dəfə artıbdır. Yəqin, dünyada ikinci dövləti tapmaq mümkün deyil ki, onun dövlət büdcəsi 4 il ərzində təxminən 10 dəfə artsın. Bu, əlbəttə ki, uğurlu neft strategiyamızın nəticəsidir. Bununla bərabər, Azərbaycanda aparılan iqtisadi islahatların, güclənən maliyyə intizamının nəticəsidir. Bütövlükdə iqtisadi inkişafın əlamətidir.
Azərbaycanda makroiqtisadi göstəricilər ən yüksək səviyyədədir və dünyada bunun analoqu yoxdur. Eyni zamanda, büdcə xərcləri də çox böyük dərəcədə artır. Əlbəttə, bu, bizə əlavə imkanlar yaradır, imkan verir ki, Azərbaycanda istənilən iqtisadi layihə, istənilən infrastruktur layihəsi öz həllini tapsın. Biz bunu edirik. İndi biz xarici maliyyə qurumlarından asılı deyilik. Düzdür, biz beynəlxalq maliyyə qurumlarının imkanlarından bundan sonra da istifadə edəcəyik, çünki bu, bizə əlavə imkanlar yaradır. Ancaq, lap fərz etsək ki, xarici kreditlərdən imtina edirik, yenə də Azərbaycan bundan zərər çəkməyəcəkdir.
Gələn il təkcə dövlət büdcəsi çərçivəsində qoyulacaq investisiyaların həcmi 3 milyard dollardan çoxdur. Yəni ki, biz istənilən sənaye, iqtisadi, infrastruktur layihəsini uğurla icra edə bilərik və bunu edirik. Hələ ki, ölkəmizin ehtiyacları çoxdur, çox işlər görmək lazımdır. Bütün infrastruktur yeniləşməli, ən müasir səviyyəyə çatdırılmalıdır. Azərbaycanda sosial məsələlər öz həllini daha da sürətlə tapmalıdır. Baxmayaraq ki, bu illər ərzində sosial sahədə çox böyük işlər görülüb, biz sosial məsələlərə həmişə diqqət göstərməliyik. 2008-ci ilin büdcəsi də həm sosial, həm də investisiyayönümlü büdcədir.
Sosial məsələlərin həlli üçün də böyük addımlar atılır. Deyə bilərəm ki, Azərbaycanda artıq orta əmək haqqı 230 dollar səviyyəsindədir. Bu, MDB məkanında çox böyük göstəricidir. Orta pensiya təxminən 70 dollar səviyyəsindədir. Düzdür, bu, bizi qane edə bilməz. Ancaq müsbət dinamika onu göstərir ki, biz pensiyaların həcmini ildən-ilə artıracağıq və orta əmək haqqına nisbətdə pensiyanın səviyyəsi kifayət qədər yüksəkdir. Əgər MDB məkanında olan başqa ölkələrin statistikasını götürsək görərik ki, bu ölkələrdə orta pensiya orta əmək haqqının təxminən 15, 16, 20 faizini təşkil edir. Azərbaycanda isə bu, 30 faizə yaxındır, bəlkə də çoxdur. Yəni, bu onu göstərir ki, Azərbaycanda sosial məsələlər həmişə diqqət mərkəzindədir. Biz gələcək fəaliyyətimizdə də bunu əsas götürərək, sosial məsələlərin həllində fəal işləyəcəyik.
Artıq 294 min insana ünvanlı sosial yardım verilir. Hər ailəyə ayda 80 manat, təxminən 100 dollar ünvanlı sosial yardım verilir. Bu, insanlara bizim həm dəstəyimiz, yardımımızdır, həm də cəmiyyətdə sosial ədalət prinsiplərinin bərqərar olunmasıdır. Hələ ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar var. Düzdür, bu rəqəm ildən-ilə aşağı düşür. Əminəm ki, 2008-ci ilin yekunlarına görə daha da aşağı düşəcəkdir. Ancaq, hələ ki, belə adamlar var və dövlət onlara öz köməyini etməlidir. Xüsusilə nəzərə alsaq ki, indi bizim iqtisadi imkanlarımız da buna şərait yaradır. Vaxt var idi ki, Azərbaycanın maliyyə resursları çox məhdud idi və ünvanlı sosial yardım proqramını icra etmək üçün vəsait yox idi. İndi bu vəsait var və biz bundan səmərəli istifadə edərək, çətin şəraitdə yaşayan soydaşlarımızın həyat səviyyəsini yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik. Beləliklə, Azərbaycanda növbəti illərdə də sosial məsələlərin həlli prioritet məsələlər olacaq və eyni zamanda, infrastruktur layihələri, müxtəlif sənaye layihələri həyata keçirilməlidir.
Regionlarda da işlər yaxşı gedir. Regional inkişaf proqramı uğurla icra edilir. Biz dörd ildir ki, proqramın icrası ilə məşğuluq. Bu müddət ərzində Azərbaycanın regionlarında çox böyük işlər görülübdür. Sahibkarlar sinfi güclənir, yeni zavodlar, fabriklər açılır, infrastruktur layihələri həyata keçirilir, elektrik stansiyaları tikilir, su, qaz kəmərləri çəkilir, yəni, insanların həyatını təmin edən bütün məsələlər həll olunur.
İqtisadi islahatlar, regional inkişaf proqramının icrası nəticəsində son dörd il ərzində Azərbaycanda 610 min yeni iş yeri açılıb ki, bunun da 430 mini daimi iş yerləridir. Beləliklə, 2003-cü ildə verilən sözlər artıq bu gün öz təsdiqini tapıbdır. Əminəm ki, həm bu vaxta qədər görülmüş tədbirlər nəticəsində, həm də verilmiş kreditlər nəticəsində yaradılmış çox gözəl biznes mühiti hesabına gələn bir il ərzində Azərbaycanda iş yerlərinin açılması prosesi daha da sürətlə gedəcək və qarşıda qoyduğumuz məqsəd, yəni, işsizliyin aradan qaldırılması məsələsi öz həllini tapacaqdır.
Müxtəlif sahələr üzrə dövlət proqramları həyata keçirilir. Bu proqramlar, demək olar ki, həyatımızın bütün sahələrini əhatə edir. Təhsil sahəsində 1200 məktəbin tikintisi və ali məktəblərdə aparılan islahatlar, səhiyyə sahəsində onlarca yeni xəstəxanaların tikintisi və onların ən yüksək səviyyəyə qaldırılması, tibbi xidmətin yaxşılaşdırılması, yeni böyük elmi tədqiqat mərkəzlərinin yaradılması və bərpası.
İdman sahəsində 13 olimpiya idman kompleksinin tikintisi və 18 kompleksin tikintisinin davam etdirilməsi. Gələcəkdə bütün ölkəmizdə gözəl idman infrastrukturunun yaradılması məsələləri öz həllini tapır. Mədəniyyət sahəsində bizim tarixi abidələrimiz bərpa olunur, muzeylərdə, teatrlarda böyük yenidənqurma, bərpa işləri aparılır. Şəhərimizin tarixi abidələri bərpa olunur.
Ekologiya proqramı icra olunur və mən ümid edirəm ki, bunun nəticəsində Azərbaycanda və xüsusilə Abşeron yarımadasında ekoloji problemlər öz həllini tapacaqdır. Uzun illər ərzində çirklənmiş, xüsusilə neft məhsulları ilə çirklənmiş əraziləri təmizləyəcək və insanlar üçün çox gözəl şərait yaradacağıq. Çünki ətraf mühitin qorunması hər bir ölkənin prioritet məsələsi olmalıdır, xüsusilə ekoloji durumu o qədər də yaxşı olmayan bölgələrdə. Biz bunu etməyə qadirik. Artıq həm dövlət büdcəsindən, həm də təcili və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Prezidentin ehtiyat fondundan kifayət qədər vəsait ayrılıbdır. Həm təmizlənmə işləri, həm də içməli su kəmərinin çəkilməsi, xüsusilə, ekoloji cəhətdən ən ağır vəziyyətdə olan yüzlərlə kəndə keyfiyyətli içməli suyun çəkilməsi məsələləri də həll olunur.
Bütün bunlar barədə kifayət qədər çox danışmaq olar. Çünki indi Azərbaycanda elə bir sahə yoxdur ki, orada inkişaf olmasın, işlər görülməsin, yaxud da sahənin inkişafı üçün tədbirlər planı olmasın. Bütün istiqamətlər üzrə bizim proqramlarımız, planlarımız var və biz bunları uğurla icra edirik. Azərbaycanın hərtərəfli inkişafı gələcəkdə də xalqın rifah halının yaxşılaşdırılmasına xidmət göstərəcək, ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirəcək və bir sözlə, Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil olacaqdır. Mən buna inanıram. Əminəm ki, biz buna nail olacağıq.
Eyni zamanda, biz ordu quruculuğu ilə də ciddi məşğuluq və orduya, hərbi məsələlərə ayrılan xərclər ildən-ilə artır. Bu il hərbi xərclər bir milyard dollar səviyyəsində idi. Gələn il yenə də artırılacaq, təxminən 1,2-1,3 milyard dollar səviyyəsinə qaldırılacaqdır. Biz bunu edirik və etməliyik. Çünki Azərbaycan müharibə şəraitində yaşayır, bizim torpaqlarımız işğal altındadır və işğalçı tərəfin qeyri-səmimi davranışı, danışıqlar prosesinin ləngidilməsi və süni əngəllər yaradılması, əlbəttə, bizi vadar edir ki, ordu məsələlərinə daha da böyük diqqət göstərək. Biz bunu edəcəyik, heç kim bizi bu yoldan çəkindirə bilməz. Bu, bizim suveren hüququmuzdur və Azərbaycan hazır olmalıdır ki, istənilən yolla öz torpaqlarını işğalçı qüvvələrdən azad etsin. Bunun üçün güclü iqtisadiyyat və güclü ordu lazımdır. Biz bu güclü ordunu yaradırıq və son illər ərzində Azərbaycanda ordu potensialı çox böyük dərəcədə gücləndirilibdir. Növbəti illərdə də biz bu siyasəti davam etdirəcəyik. Həm hazırlıq, peşəkarlıq səviyyəsi, həm yeni texnika, silah-sursatların alınması, həm də yerli hərbi kompleksin yaradılması. Bu istiqamətdə artıq işlər görülür. Biz yaxın zamanlarda Azərbaycanda istehsal olunan ilk hərbi məhsulları da görəcəyik. Azərbaycanda çox güclü hərbi sənaye kompleksi yaradılmalıdır və yaradılacaqdır.
Bütün bu uğurların təməlində şübhəsiz ki, 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyamız dayanır. Biz bu istiqamətdə çox böyük işlər görmüşük. Azərbaycan, demək olar ki, bütün neft-qaz əməliyyatlarını uğurla başa vurubdur. Biz bütün layihələri başa çatdırmışıq. O layihələr ki, Azərbaycanın davamlı və dayanıqlı inkişafını təmin edir və edəcəkdir. Həm neft kəmərləri, həm qaz kəməri artıq fəaliyyətdədir. Yataqlarımızdan neft-qaz hasil edilir, nəql olunur. Yəni bir sözlə, biz artıq normal, sakit rejimdə öz neft strategiyamızı bundan sonra da davam etdirəcəyik.
Əlbəttə ki, gələcəkdə Azərbaycanın qarşısında yeni imkanlar açıla bilər. Baxmayaraq ki, biz öz neft-qaz problemlərimizi, demək olar, yüz faiz səviyyəsində həll etmişik, yenə də müxtəlif layihələrdə iştirak edirik. Azərbaycan artıq indi böyük həcmdə qaz hasil edən və ixrac edən ölkəyə çevrilir. Dünyada enerji təhlükəsizliyi üçün qaz amili indi, bəlkə də, neft amilindən daha böyük rol oynayır. Biz də buna hazır olmalıyıq. Son hesablamalara görə, Azərbaycanda təbii qazın ehtiyatları təxminən 2 trilyon kubmetr səviyyəsindədir. Bu, bizə ən azı 150 il kifayət edəcəkdir. Əlbəttə ki, biz başqa ölkələrə də qaz ixracını təmin edəcəyik. Daha doğrusu, artıq biz bu gün bunu edirik. Azərbaycan qazı Gürcüstan və Türkiyə bazarlarına da çatdırılır və gələcəkdə başqa ölkələrin bazarlarına da çatdırılacaqdır. Bu, bizə həm əlavə iqtisadi imkanlar verəcək, regional əməkdaşlığı daha da möhkəmləndirəcək, həm də, şübhəsiz, Azərbaycanın siyasi çəkisini əhəmiyyətli dərəcədə qaldıracaqdır. Biz bunu artıq əyani şəkildə görürük.
Azərbaycanın uğurlu xarici siyasəti, bizim təşəbbüslərimiz. Həm siyasi, həm iqtisadi, həm enerji, həm də nəqliyyat sahələrində təşəbbüslərimiz qəbul olunur və bizim iradəmizdən asılı olaraq, bu təşəbbüslər Azərbaycanı daha da gücləndirir və güclü mərkəzə çevirir. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Azərbaycanın iştirakı olmadan bu bölgədə heç bir layihə həyata keçirilə bilməz. Azərbaycanın razılığı olmadan bu regionda heç bir siyasi, iqtisadi məsələlər, enerji, nəqliyyat məsələləri və başqa məsələ həll edilə bilməz. Bu həqiqət onu göstərir ki, Azərbaycan bölgənin aparıcı ölkəsinə çevrilir. Əgər bu ölkədən regional əməkdaşlıq məsələləri asılıdırsa, əgər bu ölkədən başqa ölkələrin enerji təhlükəsizliyi asılıdırsa, əgər bu, ölkədən siyasi proseslərin inkişafı asılıdırsa, əlbəttə ki, bu, ölkəni regionun aparıcı ölkəsinə çevirir. Bax, budur bizim real nailiyyətlərimiz, nəticələrimiz, siyasətimiz və fəaliyyətimiz: həm daxildə iqtisadi artım, siyasi sabitliyin möhkəmlənməsi, ictimai ab-havanın yaxşı olması, həm də hüdudlarımızdan kənarda olan məsələlərin uğurlu həlli. Bu, məsələlərə qlobal yanaşmadır.
Əsas məsələ ölkəmizi daha da möhkəmləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, mövqelərimizi gücləndirmək və Azərbaycanın qarşısında duran ən başlıca problemi həll etmək, ərazi bütövlüyümüzü bərpa etməkdir. Bütün bu sadaladığım amillər, o cümlədən hərbi potensialın möhkəmlənməsi bu məqsədə xidmət edir. Bizim bütün fəaliyyətimiz, bütün səylərimiz bu məqsədə xidmət etməlidir. Həm ölkədə aparılan siyasi və iqtisadi islahatlar, xarici siyasətimiz, ordu quruculuğumuz, həm də Azərbaycanda vətənpərvərlik ruhunun güclənməsi bu məqsədə xidmət edir və etməlidir.
Artıq ölkəmiz, demək olar ki, öz inkişaf potensialına görə regional müstəvidən çıxıbdır. Əgər adambaşına düşən büdcə xərclərini götürsək görərik ki, Azərbaycan dünya miqyasında çox qabaqcıl yerlərdədir. Bu ilin sonuna qədər Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul 3,5 min dollar təşkil edəcəkdir ki, bu da çox yaxşı göstəricidir. Xüsusilə MDB məkanı üçün və nəinki başqa regionlar üçün. Biz gözləyirik ki, iqtisadi islahatların davam etdirilməsi nəticəsində 2008-ci ildə bu rəqəm 4,5 min dollara çatsın. Bu da artıq inkişaf etmiş ölkələrə yaxın olan ölkələrin səviyyəsidir. Növbəti illərdə biz bunu artıracağıq. Neft strategiyamız, iqtisadi islahatlar, yeni sənaye sahələrinin yaradılması, iqtisadi potensialın möhkəmlənməsi - bütün bunlar bizə bu imkanları yaradacaqdır.
Beləliklə, bir daha demək istəyirəm ki, bütün bu məsələlər, əlbəttə ki, təkcə son doqquz aya aid deyil, son illər ərzində apardığımız islahatların nəticələridir. Ancaq bu doqquz ayda da bütün bu müsbət meyillər özünü göstəribdir. Yəni, bu, onu göstərir ki, Azərbaycanın inkişafı çox davamlı şəkildə, fasiləsiz gedir, heç bir geriləmə, heç bir yubanma yoxdur, heç bir yanlış qərar qəbul edilməyib, yaxud da addım atılmayıbdır. Atılan bütün addımlar Azərbaycanın güclənməsinə xidmət göstərir. Biz bu gün bu məsələlər ətrafında fikir mübadiləsi aparacağıq.
Mən indi sözü vergilər naziri Fazil Məmmədova verirəm.