Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb
Şəki, 14 oktyabr, AZƏRTAC
Bu gün Şəkidə Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə Şəki Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, təhsil və səhiyyə işçiləri, ağsaqqallar, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müşavirədə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov dövlətimizin başçısının Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrlə bağlı geniş çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin Qurultaydakı çıxışı ölkəmizin inkişafının yeni mərhələsinin strateji istiqamətlərini müəyyən edib. Qarşıdakı dövrdə əsas vəzifələrimiz əldə olunmuş nəticələrin qorunması, ölkəmizin inkişafının davam etdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və cəmiyyətin ideoloji təhlükələrdən qorunmasıdır. Elxan Usubov ölkədə və rayonda sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan, həyata keçirilən layihələrdən danışıb, mənəvi dəyərlərimizin qorunması istiqamətində görülməli tədbirlərdən söz açıb, ideoloji işin düzgün qurulmasından, bu sahədə ayrı-ayrı qurumların üzərinə düşən vəzifələrdən bəhs edib.
Tədbirdə xüsusi vurğulanıb ki, bu gün xarici mərkəzlər media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq vətəndaşlarımızı, xüsusilə uşaq və gəncləri təsir altına salmağa çalışır. Bu məsələdə hər birimiz ayıq-sayıq olmalı, öz sözümüzü deməli və biganə qalmamalıyıq.
Müşavirədə çıxış edən Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov, şəhid anası, Əməkdar müəllim Dursun Cavadova, Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sadiq Yusifov, Vətən müharibəsi əlili Qaçay Abdullayev və Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Şamilov Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyətini vurğulayaraq, müzakirə olunan məsələlər və Qurultaydan irəli gələn vəzifələrlə bağlı öz fikirlərini bildiriblər.
Müxbir - Rasim İslamoğlu