AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ İRAN PREZİDENTİ MAHMUD ƏHMƏDİNEJADIN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 16-da Tehranda Xəzəryanı ölkələrin dövlət başçılarının ikinci zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın görüşü olmuşdur.
Prezidentlər siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin hər iki tərəfin mənafeyinə uyğun şəkildə uğurla inkişaf etdiyini vurğuladılar. Bildirildi ki, əlaqələr həm də regional əməkdaşlığın genişlənməsinə xidmət edir. Xəzərətrafı ölkələrin dövlət başçılarının zirvə toplantısı sahilyanı dövlətlər arasında əlaqələri genişləndirməklə yanaşı, bölgədə əməkdaşlığa da töhfə verir.
Dövlət başçıları Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətinə toxunaraq, bunun münasibətlərin daha da möhkəmlənməsində rolunu vurğuladılar, ikitərəfli əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminliklərini bildirdilər.