Azərbaycan-Qazaxıstan münasibətlərinə həsr olunmuş dəyirmi masa keçirilib
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 7-da Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan Ekspert Şurasının ikinci iclasına həsr olunmuş hibrid formatında dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış edərək Ekspert Şurasının ötən ilin mayında təsis olunduğunu və qısa müddətdə artıq ikinci iclasının keçirildiyini bildirib. Qeyd edib ki, ikitərəfli əlaqələri təhlil etmək, həll olunmalı məsələlərdən danışmaq və ümumilikdə dinamika barədə müzakirə aparmaq baxımından belə görüşlər hər zaman aktualdır.
Fərid Şəfiyev bildirib: “Hazırda Xəzər regionunda çətin siyasi proseslər gedir və bu proseslərlə bağlı ekspertlər səviyyəsində də müzakirələrə ehtiyac var. Qazaxıstan regionda etimad və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində aktiv işləyir. Ümumilikdə Cənubi Qafqaz və Mərkəzi Asiya tarixi iqtisadi, təhlükəsizlik, nəqliyyat baxımından bir-birinə çox bağlıdır. Hər iki ölkə böyük enerji potensialına malikdir və bu sahədə əməkdaşlıq dünyanın iqtisadi xəritəsində böyük rol oynayır”.
Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov ikitərəfli əlaqələrə dair görüşlərin dinamik şəkildə keçirilməsi iki ölkənin bir birinə marağının artmasının göstəricisi olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana nəzərdə tutulan səfəri ikitərəfli əlaqələrin inkişafına impuls verəcək. Əlaqələrin daha da inkişafında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Orta Dəhliz çox böyük potensiala malikdir.
Mərkəz rəhbəri əlavə edib ki, turizm sahəsi də ikitərəfli əlaqələrin inkişafında diqqət edilməli məsələlərdən biridir. Biz bir-birimizi daha çox tanımalıyıq. Ümid edirəm ki, Bakı ilə Astana arasında yeni reysin açılması buna təkan verəcək.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov qeyd edib ki, bu gün müzakirə olunacaq məsələlərin iki ölkə arasında inteqrasiya proseslərinə müsbət təsir göstərəcək. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində Qazaxıstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Səfir əlavə edib ki, Azərbaycan-Qazaxıstan əlaqələri türk dövlətlərinin inteqrasiyası prosesində vacib rol oynayır.
Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Jandos Nurmahambetov ötən il iki ölkə arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunduğunu və ilin kifayət qədər dinamik proseslərlə yadda qaldığını vurğulayıb. Qeyd edib ki, əlaqələrin inkişafı artıq sistemli şəkil alıb.
Daha sonra AR XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəis müavini Zamin Əliyev, Qazaxıstan “Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu”nun direktoru Talqat Kaliyev, AzTV-nin İctimai-siyasi proqramlar Studiyasının direktoru Tofiq Abbasov, Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun Asiyaşünaslıq şöbəsinin baş eksperti Bulat Auelbayev, “STEM Lab” Mərkəzinin direktoru Orxan Yolçuyev, Beynəlxalq Türk Akademiyasının baş eksperti Timur Kozırev çıxış ediblər. Çıxışlar zamanı Zəngəzur dəhlizinin açılmasının regional inkişaf proseslərinə təsiri, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı və bu məsələdə Azərbaycan Qazaxıstan ikitərəfli əlaqələrinin rolu, nəqliyyat, enerji dəhlizləri istiqamətində müzakirələr aparılıb.