“AZƏRBAYCAN” QƏZETİNİN 90 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da “Gülüstan” sarayında “Azərbaycan” qəzetinin 90 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə qəzetin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov “Azərbaycan”ın nəşrə başlanması tarixindən danışaraq demişdir ki, 1918-ci il mayın 28-də yaradılan və Şərqdə ilk demokratik dövlət olan Xalq Cümhuriyyətinin hökuməti xəbərlər bülleteni buraxmaq haqqında qərar qəbul etmişdir. Burada əsasən qərarlar, bəyanatlar və digər mühüm sənədlər dərc edilirdi. Cümhuriyyətin çoxşaxəli fəaliyyəti barədə məlumatları geniş ictimaiyyətə çatdıracaq gündəlik dövri nəşrə ehtiyac olduğunu görən milli hökumət qəzet buraxılması haqqında qərar vermişdir. Beləliklə sentyabrın 15-də Gəncədəki qubernator mətbəəsində “Azərbaycan” qəzetinin ilk nömrəsi işıq üzü görmüşdür. Qəzetin ilk dörd nömrəsi Gəncədə çıxdıqdan sonra düşmən işğalından azad olunmuş Bakıya köçürülmüşdür.
Qəzetin ilk redaktorlarının - Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyov və Üzeyir bəy Hacıbəylinin fəaliyyəti barədə ətraflı məlumat verən B.Sadıqov bildirmişdir ki, 443-cü nömrəsi çıxandan sonra “Azərbaycan” qəzetinin nəşri Xalq Cümhuriyyətinin süqutu nəticəsində dayanmışdır. Qəzet Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən nəşrə başlamışdır.
Müstəqil Azərbaycanın quruculuq və inkişaf dövrünün salnaməsini öz səhifələrində əbədiləşdirən “Azərbaycan” Xalq Cümhuriyyəti zamanında çıxan “Azərbaycan”ın varisidir.
Ulu öndər Heydər Əliyevin 1998-ci il sentyabrın 15-də “Azərbaycan” qəzetinə ünvanladığı məktubda redaksiya əməkdaşlarının əməyini yüksək qiymətləndirdiyini bildirən B.Sadıqov, ümummilli liderin tövsiyələrinə sadiq qalan kollektivin qarşıya qoyulan vəzifələri şərəflə yerinə yetirmək üçün bilik və bacarığını əsirgəmədiyini, daim yaradıcılıq axtarışları apardığını diqqətə çatdırmışdır.
Ölkədə mətbuata göstərilən dövlət qayğısından danışan baş redaktor ulu öndər Heydər Əliyevin fərmanı ilə 1998-ci il avqustun 6-da mətbuat üzərindən senzuranın ləğv edildiyini və əslində müstəqil mətbuatın yaranma tarixinin həmin gündən başlandığını vurğulamışdır. Bildirmişdir ki, bundan sonra azad sözün inkişafına daim dövlət qayğısı göstərilmiş, mətbuata kreditlər ayrılmış, qəzetlər əlavə dəyər vergisindən azad olunmuş, mətbəəyə olan borclar dondurulmuş, sonra isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilmişdir. Həmin siyasi xətt bu gün də uğurla davam etdirilir. Milli mətbuatın 130 illiyi təntənəli şəkildə qeyd edilmiş, 200-dək jurnalist vətənin orden və medallarına, müxtəlif fəxri adlara layiq görülmüş, bir sıra qəzetlərə maddi yardım göstərilmiş, “Əməkdar jurnalist” fəxri adı bərpa edilmiş, Mətbuat Şurasının maddi-texniki bazası möhkəmləndirilmişdir. Cari ilin avqustunda 30 qəzetin və 8 informasiya agentliyinin hər birinə birdəfəlik yardım verilmiş, mətbuata dövlət dəstəyi Konsepsiyası təsdiq edilmişdir.
B.Sadıqov “Azərbaycan” qəzetinin bundan sonra da dövlətçiliyimizin möhkəmlənməsinə, ölkəmizin uğurlarının təbliğinə xidmət edəcəyini bildirmişdir.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov parlamentin sədri Oqtay Əsədovun qəzetin kollektivinə təbrik məktubunu oxumuş və ürək sözlərini söyləmişdir.
Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov “Azərbaycan” qəzetinin milli mətbuatımızın tarixindəki yeri və rolundan, müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin təbliği sahəsində gördüyü faydalı işlərdən danışmış, təbriklərini çatdırmışdır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı da qəzetin kollektivini əlamətdar yubiley münasibətilə təbrik etmişlər.
Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Azərbaycan” qəzetinin respublikada nəşr olunan ilk rəsmi, dövlət ideologiyasını daşıyan mətbu orqan olduğunu diqqətə çatdırmışdır. Ə.Həsənov bildirmişdir ki, “Azərbaycan” qəzeti ilk nömrəsindən Azərbaycan adının, azərbaycançılıq ideologiyasının geniş təbliği ilə məşğul olmuş və rəsmi dövlət qəzeti statusunu qazanmışdır.
Qəzetin ilk nömrələrindən başlayaraq onun səhifələrində Mirzəbala Məmmədzadənin, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağayevin, maarifçilik ideyasını XX əsrin birinci yarısında davam etdirən digər ziyalılarımızın yazıları geniş yer almışdır. Böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Azərbaycan” yazısı da məhz bu qəzetdə dərc olunmuşdur. “Azərbaycan” qəzeti ölkəmizin tarixində, bugünkü inkişafında, xalqımızın milli mənəvi dəyərlərinin qorunmasında mühüm rol oynamışdır və oynayır.
Əli Həsənov milli mətbuatımızın 130 illik yubileyi münasibətilə “Azərbaycan” qəzetinin 7 əməkdaşının fəxri adlara layiq görüldüyünü və “Tərəqqi” medalı ilə təltif olunduğunu, ümummilli lider Heydər Əliyevin redaksiyanın kollektivinə iki dəfə təbrik məktubu göndərdiyini diqqətə çatdırmış, bu nəşrin əməkdaşlarına yaradıcılıq uğurları arzulamışdır.
İncəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatan mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun və paytaxt ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
######
