Azərbaycan qonşu dövlətlərin elektrik enerjisi təhlükəsizliyində mühüm rol oynayır
Bakı, 20 oktyabr, Xatirə Cəfərova, AZƏRTAC
Bu gün Azərbaycan, regionun ən güclü və inkişaf etmiş elektrik enerjisi sisteminə malikdir. Ölkənin elektrik enerjisinə olan tələbatı tam ödənilib və Azərbaycan artıq qonşu dövlətlərin elektrik enerjisi təhlükəsizliyində mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev 20 oktyabr - Energetiklər Günü münasibətilə təşkil olunmuş tədbirdə məlumat verib.
E.Pirverdiyev qeyd edib ki, Azərbaycanın hələ Sovet İttifaqının tərkibində olduğu dövrdə ölkənin sənaye potensialının gücləndirilməsinin enerjisistemin genişləndirilməsi ilə birbaşa bağlı olduğunu görən ümummilli lider Heydər Əliyev bu məsələyə xüsusi diqqət yetirib və elektroenergetikanın bugünkü inkişafının təməlini qoyub. Ulu Öndərin səyi nəticəsində həmin illərdə elektrik enerjisinin istehsalı və ötürülməsi sahəsində görülmüş çox böyük işlər barəsində məlumat verən natiq Cənubi Qafqaz regionunda ilk ən böyük istilik elektrik stansiyasının Mingəçevirdə tikilib istifadəyə verilməsini, həmin bu "Azərbaycan" İstilik Elektrik Stansiyasının hazırda da uğurla istismar edilməsini və respublikamızın elektrik enerjisinə tələbatının çox böyük bir hissəsini ödədiyini vurğulayıb.
Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərliyi dövründə bu vəzifələrin yerinə yetirilməsinə, enerjisistemin yenidən qurulması üçün məqsədyönlü tədbirlər həyata keçirdiyini deyən E. Pirverdiyev onu da bildirib ki, görülmüş işlər nəticəsində Azərbaycanın elektroenergetika sistemi XXI əsrə nəzərəçarpan inkişaf meyilləri ilə qədəm qoydu.
Məlumat verilib ki, ulu öndərin milli inkişaf naminə başladığı bütün işlər kimi, elektroenergetika sahəsində də quruculuq tədbirlərini Prezident İlham Əliyev uğurla davam etdirib və indiki yüksək səviyyəyə çatdırıb. Elektrik enerjisi təchizatının yaxşılaşdırılmasına dair genişmiqyaslı layihələr regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının tərkib hissələrindən biri olub. Regionların inkişafına dair birinci Dövlət Proqramı çərçivəsində respublikanın müxtəlif yerlərində ondan artıq elektrik stansiyası inşa olunub və yenidən qurulub. Bölgələrdə inşa edilən yeni elektrik stansiyaları nəinki enerji mənbəyi, həm də yüzlərlə yerli sakin üçün iş yeri olub.
Qeyd olunub ki, hazırda ölkədə elektrik enerjisi ilə təminat məsələlərinin həllində kiçik su elektrik stansiyalarının tikintisinə xüsusi diqqət göstərilməlidir. Bu elektrik stansiyaları enerji sisteminin generasiya güclərinin strukturunu əhəmiyyətli şəkildə yaxşılaşdıracaq, pik generasiyasının payı artacaq. Nəticədə enerji sisteminin manevretmə qabiliyyəti yaxşılaşacaq, elektrik stansiyalarının işinin optimallaşmasına imkan verəcək. Eyni zamanda elektrik enerjisinin istehsalına yanacağın sərfi azalacaq. Azərbaycanda çoxlu sayda kiçik çay və axınlar var və onların üzərində belə elektrik stansiyalarının tikintisi iqtisadi nöqteyi nəzərdən məqsədəuyğundur. Bu cür elektrik stansiyalarında mürəkkəb avadanlığın olmaması texniki istismar məsələlərini əhəmiyyətli dərəcədə sadələşdirir. Alternativ elektroenergetikanın inkişafının böyük gələcəyi və əhəmiyyəti var və bu istiqamətdə işlər davam etdirilir. Ümumiyyətlə, iqtisadi rayonlar üzrə kiçik su elektrik stansiyalarının tikintisi işləri müəyyən edilmiş qrafikə uyğun davam etdirilir. Onların mərhələli şəkildə istismara verilməsi nəzərdə tutulur.
Milli Məclisin deputatı Aydın Mirzəzadə elektrik enerjisi sistemində görülmüş işlər və əldə olunmuş nailiyyətlərdən danışaraq bildirib ki, elektrik enerjisi sistemində mühüm islahatlar və geniş miqyaslı quruculuq işləri həyata keçirilir. Əldə olunan uğurlar respublikanın elektrik enerjisi sisteminin dayanıqlılığını və təhlükəsizliyini daha da möhkəmləndirir və Azərbaycanın regionda elektrik enerjisinin ixracı üzrə mühüm ölkəyə çevrilməsinə imkan verir.
Tədbirdə Azərbaycan Prezidentinə müraciət qəbul edilib.