AZƏRBAYCAN REGİONAL TƏHLÜKƏSİZLİK SAHƏSİNDƏ MÜHÜM ROL OYNAYIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov sentyabrın 16-da Qərbi Avropa İttifaqı Assambleyasının Siyasi Məsələlər Komitəsinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirliyin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, Eldar Mahmudov regionda gedən proseslər, reallıqlar və təhdidlər barədə danışmış, beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürlərinin artmasının bütün dünyada ciddi narahatlıq doğurduğunu qeyd etmiş, bununla əlaqədar yeni təhdidlərə qarşı Milli Təhlükəsizlik Nazirliyində həyata keçirilən adekvat tədbirlərin, yaradılmış aidiyyəti qurumların fəaliyyətinin konkret nəticələrini qonaqların diqqətinə çatdırmışdır.
Milli təhlükəsizlik naziri, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemə toxunaraq, ölkəmizin üzləşdiyi işğal amilinin nəzarətsiz ərazilər problemi baxımından nəinki Azərbaycanın, eyni zamanda bütün Avropanın təhlükəsizliyinə ciddi təhdid olduğunu söyləmişdir. Nazir münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində tezliklə həll olunmasının vacibliyini və bunun üçün Avropa İttifaqı tərəfindən də səylərin artırılması zərurətini qeyd etmişdir.
Nümayəndə heyətinin rəhbəri Maykl Hənkok səmimi qarşılandıqlarına və ətraflı məlumata, habelə aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirmişdir. Qonaq Azərbaycanın regiondakı coğrafi-strateji mövqeyinə, beynəlxalq terrorçuluq təhdidləri baxımından həssas bölgədə yerləşdiyinə toxunaraq, ölkəmizin regional təhlükəsizlik sahəsində mühüm rol oynadığını vurğulamışdır.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunmuşdur.
######
