AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN POLİS AKADEMİYASININ BAYRAĞI HAQQINDA ƏSASNAMƏ
Azərbaycan Respublikası Prezidentinin
6 mart 2008-ci il tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağı (bundan sonra «Bayraq») şərəf, ləyaqət və şöhrət rəmzi olmaqla Polis Akademiyasının hər bir əməkdaşına, müdavim və dinləyicisinə daxili işlər orqanlarının qəhrəmanlıq ənənələrini, Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən Vətəni mərdliklə müdafiə etmək, ölkənin Konstitusiyasına və qanunlarına sadiqlik, insan hüquq və azadlıqlarına riayət etmək kimi müqəddəs borcunu xatırlatmaq üçündür.
2. Bayraq Polis Akademiyasına Azərbaycan Respublikasının Prezidenti adından təqdim edilir.
3. Polis Akademiyasının adının dəyişməsindən asılı olmayaraq, Bayraq Akademiyada həmişəlik qalır. Polis Akademiyasının adı dəyişdikdə, Bayrağın təqdim edilməsi zamanı verilən Azərbaycan Respublikası Prezidentinin Təqdimatına yazılır və Bayrağın üzərinə həkk olunur.
4. Bayrağın təqdim olunması, qorunması və saxlanılması qaydası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilir.
5. Polis Akademiyasının bütün şəxsi heyəti Bayrağı mərdliklə, fədakarlıqla qorumalı, onun kənar şəxslər tərəfindən ələ keçirilməsinə yol verməməlidir.
6. Bayrağın qorunmasına Polis Akademiyasının rəisi və digər məsul şəxsləri cavabdehdirlər.