AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ SEÇKİLƏRİNDƏ MDB-DƏN OLAN MÜŞAHİDƏÇİLƏR MİSSİYASI ÖLKƏMİZDƏ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
MDB-dən olan Müşahidəçilər missiyası Azərbaycan tərəfinin dəvəti əsasında və Birlik dövlətlərində prezident və parlament seçkilərində, habelə referendumlarda MDB-dən olan Müşahidəçilər missiyası haqqında Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq işlərinin gedişinə başlamışdır.
Missiyanın qərargahından AZƏRTAC-a bildirmişlər ki, MDB-nin nizamnamə və digər orqanları yanında Birlik dövlətlərinin Daimi Səlahiyyətli Nümayəndələri Şurası Müşahidəçilər missiyasının rəhbəri qismində MDB İcraiyyə Komitəsinin sədri, qurumun icraçı katibi S.Lebedevin namizədliyini təsdiq etmişdir. Missiya aşkarlıq və dövlətlərin təklifləri əsasında deputat və diplomatlardan, bütün səviyyələrdə seçki komissiyalarının və icra hakimiyyəti orqanlarının nümayəndələrindən formalaşır. Azərbaycanda prezident seçkilərini müşahidə edəcək missiyanın tərkibinə 250-dən çox nümayəndənin daxil olacağı nəzərdə tutulur. Onların fəaliyyətini sentyabrın 15-də Bakıda işə başlamış qərargah əlaqələndirəcəkdir. Gəncə, Lənkəran, Naxçıvan və Xaçmazda qərargahın bölmələri yaradılır.
Mətbuat üçün məlumatda bildirilir ki, seçkilərin monitorinqi siyasi bitərəflik və qərəzsizlik, seçki prosesinin gedişinə və dövlətin daxili işlərinə qarışmamaq prinsipləri əsasında həyata keçiriləcəkdir. Missiyanın rəyi ənənəvi olaraq, onun öz üzvlərinin müşahidələrinə, seçki komissiyalarının və dövlət müəssisələrinin təqdim etdikləri rəsmi informasiyaya, faktiki materiallara, habelə seçicilər və digər təşkilatlardan olan müşahidəçilərlə şəxsi görüşlərə əsaslanır. Yalnız əldə olunmuş bütün informasiyanı hərtərəfli təhlil etdikdən sonra Missiya müşahidələrin nəticələrinə dair bəyanatın mətnini hazırlamağa başlayacaqdır. Mətn səsvermənin ertəsi günü açıqlanacaqdır.
Birlikdən olan beynəlxalq müşahidəçilər prezident seçkilərinin monitorinqi çərçivəsində bütün səviyyələrdə seçki komissiyalarının işi ilə tanış olacaq, seçicilər, müşahidə prosesində iştirak edən beynəlxalq təşkilatların nümayəndələri, seçki prosesinin digər iştirakçıları ilə görüşəcəklər. Qərargahdan onu da bildirmişlər ki, MDB-dən olan müşahidəçilər missiyası aşkarlıq şəraitində işləyir və öz fəaliyyəti barədə ictimaiyyəti müntəzəm olaraq məlumatlandıracaqdır.