AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar öz adımdan və Linkoln Universiteti adından ən səmimi başsağlığı vermək istəyirəm. Onun həyat yolu millətinizin ən ağır illərini əhatə etmişdir.
Linkoln Universitetinin fəxri doktoru diplomunu Prezident Heydər Əliyevə təqdim etmək məqsədi ilə may ayının əvvəlində Azərbaycana səfərim zamanı Sizinlə görüşümüz yəqin xatirinizdədir. O vaxt atanız ilk dəfə xəstələnmişdi və mən onun əvəzinə Sizinlə görüşmək şərəfinə nail oldum.
Atanızla heç vaxt görüşmədiyimə görə şəxsi təəssüratlarımdan söz aça bilmirəm. Lakin xanımım əslən moskvalıdır, onunla 1991-ci ildə, Amerikaya gəlişindən sonra tanış olmuşam. Atanıza fəxri doktor diplomunu təqdim etmək üçün Azərbaycana gedəcəyimi ona deyəndə xanımım 1980–ci illərin əvvəlində çox gənc oğlu ilə hələ Moskvada olarkən yaşadığı bir gün haqqında mənə danışdı. Həmin gün oğlu ilə birlikdə küçədə gəzərkən onun oğlu üzərində 10 liderin fotoşəkli, o cümlədən atanızın fotoşəkli əks olunmuş böyük lövhəni görür. Oğlan löhvədə Sizin atanızın fotoşəklini göstərir və onun gözəl olduğunu, löhvədə əks olunmuş digər liderlərin çox məhzun göründüyünü deyir.
Linkoln Universiteti Şurasının rəsmi sədri, eləcə də keçmiş professor və beynəlxalq biznes hüquqşünası kimi yaxın gələcəkdə Sizinlə yenidən görüşümüzü səbirsizliklə gözləyirəm.
Bir daha ən səmimi başsağlığımı yetirirəm.
Səmimiyyətlə Sizin,
Alan A.Samson
Amerikanın Linkoln Universitetinin
Qəyyumluq Şurasının sədri
15 dekabr 2003-cü il