AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyevin vəfatı barədə kədərli xəbəri Dağıstan azərbaycanlıları dərin hüznlə qarşıladılar.
Prezident Heydər Əliyev nəinki Azərbaycan tarixinə, həm də görkəmli şəxsiyyət kimi, suveren Azərbaycan Respublikasını qısa müddətdə dünyanın siyasi cəhətdən əhəmiyyətli dövlətləri sırasına çıxara bilmiş insan kimi iyirminci yüzillikdə dünyanın məşhur siyasi və dövlət xadimləri cərgəsinə daxil olmuşdur. Onun rəhbərliyi ilə neft dövləti kimi Azərbaycanın qarşısında əvvəllər görünməmiş iqtisadi perspektivlər açılmışdır. Heydər Əliyevin beynəlxalq aləmdə səyləri sayəsində dünya dövlətləri Azərbaycanı öz strateji tərəfdaşı kimi tanımağa başlamışlar.
Heydər Əliyev dünya birliyindəki nüfuzu ilə, Vətənə hədsiz məhəbbəti ilə bütün Azərbaycan xalqının rəmzi olmuşdur.
Prezident Heydər Əliyev Azərbaycanla Rusiya arasında, xüsusən Dağıstan və Azərbaycan xalqları arasında dostluğun və mehriban qonşuluğun möhkəmlənməsinə həmişə tərəfdar olmuşdur. Biz qəti əmin olduğumuzu bildiririk ki, onun bu müdrik siyasətini gələcəkdə Siz də davam etdirəcəksiniz.
Heydər Əliyevin vəfatı Azərbaycan və dünyanın bütün azərbaycanlıları üçün ağır, əvəzsiz itkidir.
Qurban Qurbanov,
Dağıstan Respublikası Dövlət Şurasının
üzvü.
Mahaçqala, 14 dekabr 2003-cü il.