Azərbaycan Texniki Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycan Texniki Universitetində (ATU) 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş anım günü keçirilmişdir.
Faciə qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Universitetin rektoru, professor Havar Məmmədov 1990-cı il yanvarın 20-də zirehli texnika və müasir silahlarla təchiz olunmuş sovet ordusu əsgərlərinin Azərbaycanda azadlıq uğrunda küçələrə çıxmış insanlara və dinc sakinlərə qarşı törətdiyi cinayətlər barədə iştirakçılara geniş məlumat vermişdir. O, ümummilli lider Heydər Əliyevin hadisədən dərhal sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək bu qırğını törədən cinayətkarların adlarını ilk dəfə açıqladığını və onların cəzalandırılması tələbi ilə çıxış etdiyini vurğulamış, Azərbaycan Prezidenti İlham Əliyevin 20 Yanvar şəhidlərinin ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıdan söhbət açmışdır.
Milli Məclisin deputatı Astan Şahverdiyev, tarix elmləri doktoru Şikar Qasımov və başqaları sovet qoşunlarının xalqımıza qarşı törətdiyi ağır cinayətlərdən danışmış, tarixi faktları diqqətə çatdırmışlar. Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin ürəklərdə əbədi yaşayacağı qeyd edilmişdir.
Sonda tələbələr şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərmişlər.