MƏDƏNİYYƏT
Azərbaycan Turizm İnstitutu “Mövlanə”Mübadilə Proqramına başlamışdır
Bakı, 4 mart (AZƏRTAC). Azərbaycan Turizm İnstitutu (ATİ) artıq martın 3–dən etibarən Türkiyə Respublikasının Ali Təhsil Şurası tərəfindən formalaşdırılan “Mövlanə” Mübadilə Proqramında iştirak üçün elanlara başlamışdır.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ilkin olaraq bu proqramdan institutun ikinci kursunda marketinq, menecment, turizm və qonaqpərvərlik ixtisasları üzrə təhsil alan tələbələr yararlana biləcəklər. Hər bir ixtisas üzrə iki tələbə təhsilini bir semestr müddətində Türkiyənin Qazi və Akdeniz universitetlərində davam etdirmək hüququ qazanacaqlar.
Bu günədək ATİ “Mövlanə” Mübadilə Proqramı çərçivəsində Türkiyənin Canik Başaran, Ardahan, Kastamonu, Sinop, Amasya, Muş Alparslan, Qars Qafqaz universitetləri ilə əməkdaşlıq müqavilələri imzalamışdır. İstər Qazi Universiteti, istərsə də Akdeniz Universiteti ilə “Mövlanə” Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq institutun həm xarici əlaqələrinin, həm də ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaqdır.
Proqram çərçivəsində sentyabr ayından etibarən ATİ–nin marketinq, menecment, turizm və qonaqpərvərlik ixtisası üzrə müəllimləri Qazi, Akdeniz və Amasya universitetlərində 1 həftə müddətində tədris prosesində iştirak edəcəklər. Həmin universitetlərin müəllim heyəti də 1 həftə müddətində ATİ-də tələbələr qarşısında mühazirə oxuyacaqlar.
Hazırda ATİ-də bu proqramla bağlı əlaqələndiricilik məsələləri beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları tərəfindən icra olunur.
Gələcəkdə ATİ “Mövlanə” Mübadilə Proqramı çərçivəsində Türkiyədə fəaliyyət göstərən universitetlərlə əlaqələri genişləndirməyi, bu ölkədə fəaliyyət göstərən bir çox universitetlə tərəfdaşlıq müqavilələrini imzalamağı planlaşdırır.