Azərbaycan Türk dünyasının möhkəmlənməsinə mühüm töhfələr verir ŞƏRH
Bakı, 1 iyul, AZƏRTAC
Türk dünyasının möhkəmləndirilməsi bütün dövrlərdə əsas çağırışlardan biri olub. Azərbaycanın bu birliyə verdiyi töhfələrin davamlılığı türk dövlətləri tərəfindən daim yüksək qiymətləndirilir və təqdir olunur. İyunun 29-dan iyulun 3-dək keçirilən “Türk Dünyası Həftəsi” də bunun bariz nümunəsidir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev ötən il Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə 1926-cı ildə Bakıda təşkil olunmuş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayaraq, onun 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə qeyd edilməsini təklif etmişdi.
İyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə təşkil olunub.
Rəsmi açılış mərasimində türk respublikaları da daxil olmaqla, ümumilikdə 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarının nümayəndələri iştirak ediblər.
Prezident İlham Əliyev “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətində ötən ilin oktyabrında Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə irəli sürdüyü təşəbbüsün bu gün reallaşmasından məmnunluğunu ifadə edib. Dövlətimizin başçısı qeyd edib ki, tədbirin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsi xüsusi rəmzi məna daşıyır.
Müraciətdə xüsusi vurğulanıb ki, Türk dünyasının ortaq mənəvi dəyərlərinin – dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyətin inkişafı, eləcə də vahid ümumtürk əlifbasına keçid kimi mühüm məsələlərin müzakirə olunduğu bu beynəlxalq elmi-mədəni forumun 1926-cı ildə məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildi.
Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanını yaratmaqla milli özünüdərkin formalaşmasına mühüm zəmin hazırlayıb, müsəlman və Türk dünyasında ilk demokratik dövləti qurub. Paytaxt Bakı isə hələ ötən əsrin əvvəllərindən milli ruhlu ziyalılar nəslinin formalaşdırdığı yüksək intellektual mühiti ilə seçilərək dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanınıb.
Malik Həsənov qeyd edib ki, Birinci Türkoloji Qurultayın taleyüklü qərarları elmi-mədəni həmrəyliyimizin qorunub saxlanılmasında mühüm platforma rolunu oynayıb. Qurultayın bu gün də aktuallığını qoruyan əhəmiyyətini əks etdirən çoxsaylı məqamlar sadalamaq mümkündür: “Reallıq ondan ibarətdir ki, bütün dövrlərdə Türk dünyasının birliyinə və həmrəyliyinə xidmət edən addımlar ardıcıl şəkildə atılıb və bu gün də bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev Türk dünyasını böyük ailə kimi dəyərləndirərək hər zaman vurğulayır ki, Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və siyasətimiz bu təşkilatı daha da gücləndirməkdir. Bu, böyük coğrafiyaya, geniş əraziyə, güclü hərbi potensiala, böyük iqtisadiyyata, zəngin təbii sərvətlərə, mühüm nəqliyyat yollarına və gənc, artan əhaliyə malik olan, eyni kökə və soya mənsub xalqların birliyidir. Bundan daha güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə Türk Dövlətləri Təşkilatını qlobal arenada önəmli aktora və güc mərkəzinə çevirməliyik. Buna isə yalnız birlikdə nail ola bilərik”.