Azərbaycan Universiteti ilə Daşkənd Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Universitetində Özbəkistanın Daşkənd Dövlət İqtisad Universitetinin nümayəndə heyəti ilə əməkdaşlıq imkanlarının müzakirə olunduğu işgüzar görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə Daşkənd Dövlət İqtisad Universitetini Pedaqoji kadrların yenidən hazırlanması və ixtisasının artırılması mərkəzinin direktoru Narboy Karimov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zukhra Babaeva, baş mühasib Mirzouluq Abdusalomov, şöbə müdiri Farida Xamidova, baş elmi işçi Şaxzod Saadullayev, metodist Jamol Bobozhonov, Azərbaycan Universitetini isə elmi işlər üzrə prorektor Yusif Qasımov, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova təmsil ediblər.
Görüşdə tərəflər arasında akademik əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsi, pedaqoji kadrların peşəkar inkişafı sahəsində təcrübə mübadiləsinin aparılması, birgə təhsil təşəbbüslərinə start verilməsi, müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi kimi məsələlər haqqında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Universitetlər arasında əlaqələrin qısa zamanda müvafiq sənəd ilə rəsmiləşdirilməsi razılaşdırılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.