Azərbaycan xalqı görülən işlərə, qazanılan nailiyyətlərə səs verib
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycanda keçirilən son prezident seçkilərindən beş il ötür. 2018-ci il aprelin 11-də keçirilmiş seçkilərdə Prezident İlham Əliyev növbəti dəfə xalqın böyük dəstəyi ilə parlaq qələbə qazandı. Bu seçkilərin nəticələri xalqın iradəsini əks etdirir. Azərbaycan xalqı görülən işlərə, qazanılan nailiyyətlərə səs verib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşüb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Strateji sahələrdə əldə olunmuş fundamental nailiyyətlərin və dayanıqlı inkişafın xalqın seçimini müəyyənləşdirdiyini söyləyən deputat əlavə edib: “Dövlətimizin başçısının prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olub”.
Azərbaycanın sosial dövlət olduğunu qeyd edən Fatma Yıldırımın sözlərinə görə, Prezident İlham Əliyev birmənalı şəkildə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır. Dövlətimizin başçısının müəyyənləşdirdiyi bu siyasi xəttə uyğun olaraq ölkənin iqtisadi-maliyyə imkanlarının artmasına adekvat olaraq vətəndaşların sosial müdafiəsinin möhkəmləndirilməsinə yönələn tədbirlərin əhatə dairəsi də davamlı şəkildə genişləndirilir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsinin Prezident İlham Əliyevin fəaliyyətinin əsasını təşkil etdiyini vurğulayan F.Yıldırım bildirib ki, dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin tarixi ədalət və beynəlxalq hüququn normaları çərçivəsində, yəni respublikamızın suverenliyinin və ərazi bütövlüyünün təmin olunması şərti ilə həllini tapması üçün bütün imkanlarımızı səfərbər edirdi. Azərbaycan Prezidentinin işğal altındakı torpaqları sülh yolu ilə geri qaytarmaq çağırışlarına əməl etməyən Ermənistan beynəlxalq birliyin təzyiqlərindən kənarda qalmasından istifadə edərək yeni müharibəyə başlamaq, yeni ərazilər ilhaq etmək həvəsinə düşmüşdü və bu məqsədlə ardıcıl təxribatlar törədirdi. İşğalçılıq siyasətini genişləndirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyi cəzalandırılmalı idi və bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev etdi. 2020-ci il sentyabrın 27-də Azərbaycanın Silahlı Qüvvələri düşmənin təxribatının qarşısını almaq məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başladı. Ölkəmiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini şanlı Qələbə ilə başa vurdu. Vətən müharibəsində Qələbəmizin memarı Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmiz davamlı olaraq inkişaf edir. Yeni mərhələdə də Azərbaycanımız daha da güclənərək yeni-yeni Zəfərlərə imza atacaq. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri hər birimizi qürurlandırır. Dövlətimizin başçısının rəhbərliyi ilə görülən bu işlər nəticəsində həmin ərazilər cənnətə çevriləcək, insanlar doğma yurdlarına qayıdaraq firavan yaşayacaqlar”, - deyə deputat vurğulayıb.