AZƏRBAYCANDA 2009-CU İLDƏN TELEKANALLARIN TAM RƏQƏMLİ YAYIMA KEÇİRİLMƏSİ İŞLƏRİNƏ BAŞLANACAQDIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, 2009-cu ildən Azərbaycanda telekanalların tam rəqəmli yayıma keçirilməsi işlərinə başlanacaqdır. Hazırda bununla bağlı müvafiq tədbirlər görülür.
Bakı, Gəncə, Naxçıvan şəhərlərində və rayonlarda tətbiq olunacaq sistem üç mərhələdə həyata keçiriləcəkdir. Birinci mərhələdə (2008-2010-cu illər) respublika əhalisinin 60-70 faizi, ikinci mərhələdə (2011-2013-cü illər) 90 faizi, üçüncü mərhələdə (2014-2015-ci illər) isə 98 faizi rəqəmli televiziya yayımı proqramı ilə təmin ediləcəkdir.
Azərbaycanda rəqəmli yayıma keçid üçün sınaq işlərinə 2004-cü ildən başlanmışdır. Bu yayım DVB-T (rəqəmli yerüstü efir yayımı) standartı üzrə həyata keçirilir. DVB-T standartına uyğun olaraq, əsasən, yayım zamanı təsvir və səs siqnallarının ötürülmə və qəbul keyfiyyəti yüksəlir, ötürülmədə kənar maneələr aradan qaldırılır, informasiyaların saxlanılmasında itki olmur və proqramların sayı artırılır.