“Azərbaycanda alman məskənləri” adlı turizm marşrutu üzrə layihənin əsas planı müzakirə olunub
Bakı, 9 mart, AZƏRTAC
Turizm ölkə gəlirlərinin formalaşmasında nə qədər önəm daşıyırsa, mədəniyyətin, tarixi irsin təbliği və tanıdılmasında da bir o qədər vacib rol oynayır. Bu baxımdan ölkəmizdə də mühüm layihələr həyata keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi əsas tədbirlərdən biri də beynəlxalq mədəni və yerli turizm marşrutları vasitəsilə Azərbaycan turizminin dünya turizm bazarına inteqrasiyasını təmin etməkdir.
Martın 9-da Mədəniyyət və Turizm Nazirliyi, Almaniyanın ölkəmizdəki səfirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə "Azərbaycanda alman məskənləri” adlı turizm marşrutu üzrə layihənin əsas planı müzakirə olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə layihənin baş meneceri Horst Kampman "Azərbaycanda alman məskənləri” turizm marşrutu üzrə həyata keçirilməsi nəzərdə tutulan işlərdən danışıb. Alman icmasının Azərbaycanda məskunlaşmasının 200 illik tarixi olduğunu qeyd edərək, bu illər ərzində bir sıra mədəni və tarixi binaların tikdiklərini qeyd edib. Həyata keçiriləcək həmin turizm marşrutuna Gəncə şəhəri, Göygöl, Şəmkir, Gədəbəy və Tovuz rayonları daxil ediləcək. Layihə çərçivəsində, həmçinin Gədəbəy rayonunda "Simens qardaşları" muzeyi, Göygöldə qədim alman evləri üslubunda hotel, regional muzey, Göygöldə yaşamış sonuncu alman Viktor Kleinin ev muzeyi, həmçinin Şəmkirdə alman irsi mərkəzinin yaradılması nəzərdə tutulur.
Tədbir "Azərbaycanda alman məskənləri” turizm marşrutu layihəsinin müzakirəsi ilə davam edib. Qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.