AZƏRBAYCANDA DÜNYA TURİZM GÜNÜ GENİŞ QEYD OLUNACAQDIR
AZƏRTAC Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, 27 sentyabr - Dünya Turizm günü ölkəmizdə də geniş qeyd olunacaqdır.
Bu münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsi geniş tədbirlər planı hazırlamışdır.
Sentyabrın 26-da şöbənin Azərbaycanın dövlət universitetlərində (BDU, ADNA, ADİU və s.) təhsil alan I kurs tələbələri üçün təşkil etdiyi ekskursiyanın ilk ünvanı Hökumət Evi olacaqdır. Sonra şöbənin əməkdaşları paytaxtımıza gəlmiş qonaqları və tələbələri “Siti-tur” avtobusları vasitəsilə iki saat ərzində Bakı ilə tanış edəcəklər.
Sentyabrın 27-də “Ramada” hotelində (Şıx çimərliy ərazisi) Dünya Turizm gününə həsr olunmuş konfrans keçiriləcəkdir. Azərbaycanda turizmin inkişafı ilə bağlı müxtəlif çıxışların dinləniləcəyi konfransda Dünya Turizm Təşkilatından dəvət olunmuş rəsmi şəxslərin, yerli və beynəlxalq turizm şirkətləri nümayəndələrinin, media mənsublarının, digər qonaqların iştirakı gözlənilir. Tədbir mehmanxana və mehmanxana tipli obyektlərə lisenziyaların təqdimatı və turizmlə bağlı müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi ilə bitəcəkdir.
27 sentyabr - Dünya Turizm günü paytaxtımızın qonaqları və sakinlərinin yaddaşında həm də muzeyləri ziyarət günü kimi qalacaqdır. Həmin gün Bakı şəhərində fəaliyyət göstərən bütün muzeylərdə “Açıq qapı” günü elan ediləcək və tamaşaçılara ödənişsiz mədəni xidmət göstəriləcəkdir. Yeri gəlmişkən, hər il sentyabrın 27-də “Açıq qapı” günü keçirilməsi ənənə halını alacaqdır.