“Azərbaycanda gənclər turizminin formalaşması və dünyaya inteqrasiyası” adlı layihənin təqdimatı olmuşdur
Bakı, 13 fevral (AZƏRTAC). Fevralın 13-də Bakıdakı “World Business Center”də “İrəli” İctimai Birliyinin turizm klubunun və “Gənclər Turizmi” İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Azərbaycanda gənclər turizminin formalaşması və dünyaya inteqrasiyası” layihəsinin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, mərasimdə “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev layihə barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, layihə çərçivəsində gənclər üçün turizmin müxtəlif xidmət sahələri üzrə təlimlər təşkil olunacaqdır. Təlimlər Azərbaycanın turizm sahəsində fəaliyyət göstərən qabaqcıl təlimçilər tərəfindən aparılacaqdır.
Eyni zamanda, turizm sektorunda fəaliyyət göstərən özəl şirkətlərlə turizm sahəsində təhsil alan gənclər arasında əməkdaşlıq əlaqələrinin qurulması, gənclərin turizm sahəsində biznes biliklərinin artırılması və sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi təmin olunacaqdır.
Layihənin əsas məqsədi turizm sənayesi üçün gənclər arasında rəqabətə davamlı ixtisaslı kadrlar hazırlamaq və peşəkarlıqlarını artırmaqla onların məşğulluğunu təmin etmək, eləcə də gənclər arasında bu sahədə sahibkarlığın inkişafına dəstək olmaqdır.
Layihə fevralın 17-dək davam edəcəkdir.