AZƏRBAYCANDA İLK KİTABXANA-KİTAB MAĞAZASI AÇILMIŞDIR
Bakı, 16 yanvar (AZƏRTAC). M.Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasında Azərbaycanda ilk kitabxana-kitab mağazası açılmışdır.
Tədbirdə elm, ədəbiyyat, incəsənət xadimləri, kitabxana direktorları, orta ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na əsasən yaradılmış bu kitabxana-kitab mağazasında respublikanın müxtəlif nəşriyyatlarında çap olunmuş və ictimaiyyət tərəfindən maraqla qarşılanan nəşrlərin təbliği və satışı həyata keçiriləcəkdir.
Kitabxananın direktoru Rəhilə Rzayeva məlumat vermişdir ki, burada rus, ingilis və digər xarici dillərdə elmi-populyar nəşrlər, uşaq ədəbiyyatı, bestsellerlər, ensiklopediya, lüğət, məlumat-sorğu ədəbiyyatı, elektron kitablar xüsusi diqqət və qayğı ilə seçilmişdir.
Moskvadan gətirilmiş 800-ə yaxın uşaq kitabı və bədii ədəbiyyat nümunələri, Bakıda nəşr olunmuş kitablar maraqla qarşılanmışdır.
Tədbirdə Milli Məclisin deputatı Elmira Axundova, yazıçı Natiq Rəsulzadə kitabxana-mağazanın əhəmiyyətindən, kitabın gənc nəslin tərbiyəsində rolundan danışmışlar.
Kitabxana-kitab mağazasında sərgi salonu, uşaq yaradıcılıq otağı da açılmışdır.
Tədbir kiçikyaşlı məktəblilərin ifasında səhnəciklə başa çatmışdır.