Azərbaycanda yeraltı su mənbələrindən istifadə diqqət mərkəzindədir
Paris, 9 dekabr ( AZƏRTAC). Dekabrın 8-də YUNESKO-nun mənzil-iqamətgahında “Sərhədaşırı su layları: yeni istiqamətlər və dialoq” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda dünyanın 80-dən artıq ölkəsindən 400 nümayəndə iştirak etmişdir. Azərbaycanı bu tədbirdə Bakı Dövlət Universitetinin hidrometeorologiya kafedrasının müdiri Farda İmanov, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun şöbə müdiri Yusif İsrafilov və Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyinin əməkdaşları təmsil etmişlər.
Konfrans barədə AZƏRTAC-a müsahibə verən F.İmanov demişdir: “YUNESKO-nun Beynəlxalq Hidroloji Proqramı çərçivəsində təşkil olunmuş “ Sərhədaşırı su layları: yeni istiqamətlər və dialoq” adlı konfransda əsas məqsəd bəşəriyyətin diqqətini su problemlərinə bir daha yönəltmək, eyni zamanda, səth, göl və çay suları ilə deyil, yeraltı sularla da kifayət qədər məşğul olmağı göstərmək idi. Çünki yeraltı suların problemləri çoxdur. Yeraltı suların bir hissəsi ölkələrin sərhədlərində yerləşir. Yığıncaqda 80 ölkəni təmsil etmiş nümayəndələr bu istiqamətdə yerinə yetirdikləri tədqiqatlar barədə ətraflı məlumatlarla çıxış etdilər.
Mən Azərbaycanda yeraltı suların vəziyyəti, idarəçiliyi, monitorinq sistemi və digər mövcud məlumatlar haqqında ümumiləşdirilmiş məlumat verdim və perspektivlərdən də ətraflı bəhs etdim.
Hazırda bütün dünyada su ehtiyatlarının idarə olunmasında inteqrasiyalı idarəetmə adlı bir yanaşma təbliğ olunur. 2006-cı ildən başlayaraq bu yanaşma Avropa ölkələrində qitənin su direktivi çərçivəsində təbliğ olunur. Azərbaycanda da biz TASİS layihəsi çərçivəsində bu yanaşmadan bir çox yerlərdə, o cümlədən Şəki-Zaqatala zonasındakı çaylarda istifadə edirik. Amma bu tədbirdən bir daha əmin olduq ki, təkcə səth sularına yox, yeraltı sulara da diqqəti artırmalıyıq. Çünki Azərbaycanın 18 hidrogeoloji hövzəsindən 14-ü qonşu ölkələrlə sərhəddə yerləşir. Düzdür, Rusiya ilə dövlət səviyyəsində müqaviləmiz vardır, qonşu Gürcüstanla münasibətlərimiz yaxşıdır, İranla ikitərəfli komissiya işləyir. Bütün bunların hamısı səth sularına aiddir. Biz bundan sonra diqqətimizi yeraltı sulara da yönəltməliyik. Azərbaycanda istifadə olunan suların təxminən 30 faizi yeraltı suların payına düşür. Yeraltı sularla bağlı ölkəmizdə böyük bir layihə həyata keçirilir və yaxın günlərdə bunun açılışı olacaqdır. Oğuz-Qəbələ bölgəsindən Bakıya saniyədə 5 kubmetr su nəql ediləcəkdir. Bu isə Bakı və Abşeron yarımadasındakı əhalinin içməli suya olan tələbatını yaxşılaşdıracaqdır.
Bu, bir daha göstərir ki, bizim əsas su mənbələrimizdən biri də yeraltı sulardır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris