“Azərbaycanın Avropaya qaz ixracının 20 milyard kubmetrə qədər artacağı gözlənilir” - Ekspert
Bakı, 11 iyul, AZƏRTAC
Dünən ölkə tarixində önəmli hadisələrdən biri yaşandı. Belə ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanıldı. “Abşeron” qaz yatağının SOCAR tərəfindən təsdiq olunmuş ehtiyatı 350 milyard kubmetrdir. Buna görə də, “Abşeron” qaz yatağı “Şahdəniz” yatağından sonra Azərbaycanın ikinci ən böyük qaz yatağı hesab olunur. Beləliklə, Avropanın enerji təhlükəsizliyində vacib dövlətlərdən olan Azərbaycanın qitə üçün əhəmiyyəti bir daha təsdiqləndi.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Ekspert bildirib ki, “Abşeron” qaz yatağı 1960-1970-ci illərdən ixtira olunsa da, hasilatına yeni başlanılır. JOCAP (“Absheron Petroleum” Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və “TotalEnergies” hər biri 50 faiz paya malikdir.
“Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,2 trilyon kubmetrdir - bu göstəriciyə “Abşeron” yatağının ehtiyatı da daxildir. Hazırda illik qaz ixracımız 21 milyard kubmetr təşkil edir. Yaxın 5 ildə Azərbaycan indiki 21 milyard kubmetr qaz ixracını 30-31 milyard kubmetrə qədər qaldırmağı planlaşdırır. Avropaya qaz ixracının isə 11 milyarddan 20 milyard kubmetrədək artırılacağı gözlənilir”,- deyə X.Kərimli qeyd edib.
O, diqqətə çatdırıb ki, ötən il Azərbaycanın qaz ixracından gəlirləri kəskin artdı, hətta neftdən gələn gəlirlərlə bərabərləşdi: “Bunun əsas səbəbi qaz ixracımızın əvvəlki illərə görə artması, eyni zamanda, ölkəmizdə qaz qiymətlərinin əlverişli olması idi. Qiymətlər həddən artıq bahalaşmışdı. İndi qaz qiymətləri ötənilki kimi deyil, kəskin ucuzlaşıb. Ancaq buna baxmayaraq, Azərbaycan Cənub Qaz Dəhlizinin və “Şahdəniz” yatağının istismarı ilə əlaqədar bütün hesablamalarını indiki qiymətlərə uyğun apardığına görə rentabelli şəkildə satırıq. Daha çox qaz ixracı daha çox valyuta, tədiyyə balansımızın profisitinin saxlanılması, maliyyə stabilliyi, həmçinin ölkənin neft fondunda əlavə gəlirlərin formalaşması deməkdir”.