Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası Şurasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PAA DİMBİ) Bakı filialının 2021-ci il üzrə tədbirlər planına əsasən, bir ay ərzində (15 sentyabr - 15 oktyabr) Bakı şəhərində “Azərbaycan Respublikasının müstəqilliyinin 30 illiyi. Nailiyyət və perspektivlər” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.
MDB PAA DİMBİ Bakı filialının Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gənclər, eləcə də Bakı şəhərinin ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan şagirdlər arasında keçirilmiş müsabiqənin məqsədi gənclərin müvafiq mövzuda biliklərinin artırılması, həmçinin maariflənməsi və dünyagörüşlərinin genişlənməsi olub.
Oktyabrın 15-də Bakı şəhəri 144 saylı orta məktəbdə inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) dəstəyi ilə təşkil olunmuş tədbirdə MDB PAA DİMBİ Bakı filialının əməkdaşları, məktəbin müəllim-şagird heyəti iştirak edib.
Tədbirdə 144 saylı məktəbin direktoru Qənirə Sultanova, MDB PAA DİMBİ Bakı filialının direktoru Teymur Muradov və BŞTİ İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova Azərbaycan Respublikasının müstəqilliyi tarixi haqqında çıxış ediblər.
Daha sonra MDB PAA DİMBİ Bakı filialı tərəfindən inşa-yazı müsabiqəsinin qaliblərinə (Əliyeva Sitarə birinci yer, Yedgarlı Fənusə ikinci yer, Məhərəmova Nərmin üçüncü yer) və fərqlənən iştirakçılara (7 nəfər) diplom, sertifikat və hədiyyələr təqdim olunub.