“Azərbaycanın dövlətçilik tarixində Şah İsmayıl Səfəvinin rolu” mövzusunda onlayn konfrans keçirilib
Bakı, 23 may, AZƏRTAC
Mayın 22-də Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlətçilik tarixində Şah İsmayıl Səfəvinin rolu” mövzusunda onlayn konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda birliyin sədri Miraqil Seyidzadə tədbirin keçirilməsinin əsas məqsədinin tarixi şəxsiyyətlərin tanıdılması olduğunu bildirib. Çıxışında Şah İsmayıl Səfəvinin həyatından, dövlət quruculuğu fəaliyyətindən danışıb.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək Şah İsmayıl Səfəvinin tarixdə dövlət xadimi və şair kimi xidmətlərini qeyd edib. Bildirib ki, Şah İsmayıl Xətai Azərbaycan tarixində və dövlətçiliyində müstəsna xidmətləri olmuş dahi şəxsiyyətlərindən biridir.
Tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı çıxışında Şah İsmayıl Səfəvinin şəxsiyyətini xarakterizə edib, Səfəvilər dövlətinin siyasi, ictimai, iqtisadi və mədəni, türk dilinin inkişafındakı xidmətlərindən danışıb. Qüdrətli dövlət başçısı kimi Səfəvilər dövlətinin hüdudlarını genişləndirdiyini bildirən Mübariz Ağalarlı vurğulayıb ki, bu, onun yüksək diplomatik bacarığının nəticəsi idi.