Azərbaycanın ədəbiyyatşünas alimi Məhtimqulu Fəraqiyə həsr olunan forumda çıxış edib
Bakı, 17 iyun, AZƏRTAC
Türkmənistanın UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə “Məhtimqulu Fəraqinin yaradıcı irsi və ümumbəşəri dəyərlər” mövzusunda forum keçirilib. Tədbirin məqsədi tanınmış türkmən şairi və filosofunun zəngin ədəbi irsinin region və dünya səviyyəsində tanıdılmasına töhfə vermək olub. Vebinarda Məhtimqulunun ədəbi yaradıcılığı, əsərlərində ümumbəşəri və humanist dəyərlərin əks olunması, qardaş xalqların ədəbiyyatı ilə əlaqələri, şairin yaradıcılığının Şərq və dünya ədəbiyyatının inkişafına təsiri kimi mövzularda müzakirələr aparılıb.
Bu barədə AZƏRTAC-a AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, forumu Ali Diplomatik Məktəbin rektoru, tarix elmləri namizədi Jumamurat Qurbangeldiyev açaraq Məhtimqulu Fəraqinin ədəbi irsinin beynəlxalq əməkdaşlıq çərçivəsində mədəni əhəmiyyətindən danışıb. Son illərdə dahi şairin əsərlərinin ingilis, yapon, Çin, Koreya, urdu, ərəb, türk, fransız, rus, Belarus, Ukrayna, rumın, tatar, qazax, özbək və digər dillərə tərcümə edilməsi barədə ətraflı məlumat verib. Qeyd edib ki, mədəniyyət diplomatiyası bu gün sülh, qarşılıqlı anlaşma və hörmətə əsaslanan münasibətlərin inkişafı üçün çox vacibdir. Eyni zamanda, bu gün mədəniyyətdə beynəlmiləlləşmə tendensiyalarının yayılması, bu sahədə aktiv rəqəmsallaşma və internetləşmə xalqların ümumbəşəri dəyərlər əsasında birləşməsinə kömək edən yeni bir mühit formalaşdırır.
Forumda Türkmənistanın UNESCO üzrə Milli Komissiyasının icraçı katibi Çinar Rüstəmova, Parisdəki UNESCO Katibliyinin Xarici əlaqələr və informasiya şöbəsinin Asiya-Sakit okean sektorunun müdiri Andrey Şevelev və UNESCO Regional Ofisinin direktoru Svetan Svetkovski çıxışlarında Məhtimqulu Fəraqinin ədəbi irsinin öyrənilməsinin vacibliyini qeyd ediblər.
Plenar iclasda Xarici İşlər Nazirliyinin nümayəndələri və Türkmənistan Elmlər Akademiyası, habelə Türkiyə, İran və Tacikistanın UNESCO üzrə milli komissiya rəhbərləri çıxış ediblər.
Forumda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova çıxış edərək Məhtimqulu Fəraqi ədəbi irsinin Azərbaycan ədəbiyyatşünaslığında öyrənilməsinin və əsərlərinin nəşrinin Azərbaycan-Türkmənistan ədəbi əlaqələri baxımından yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. O, Azərbaycanda, xüsusilə də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqinin yaradıcılığının nəşri və təbliği sahəsində görülən mühüm işlərdən bəhs edib.
T.Talıbova 2014-cü ildə filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı tərəfindən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Məhtimqulu Fəraqinin indiyə qədər elmə məlum olmayan “Divan”ının aşkarlandığını və akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə böyük tirajla nəşr edildiyini xatırladıb. Həmçinin akademik İsa Həbibbəylinin redaktorluğu və təşəbbüsü ilə “Azərbaycanda Məhtimqulu Fəraqinin ədəbi irsinin nəşri və tədqiqi biblioqrafiyası”nın hazırlanaraq nəşr edilməsini diqqətə çatdırıb. Onu da əlavə edib ki, bu dövrdə hər iki qardaş xalqın ədəbi həyatında baş verən əlamətdar hadisələrdən biri də İsa Həbibbəyli və İsmixan Osmanlının həmmüəllifliyi ilə 2019-cu ildə “Məhtimqulu Fəraqi və Azərbaycan” adlı elmi monoqrafiyanın nəşr edilməsi olub. Məhtimquluşünaslığın son dövr nailiyyətləri və müəlliflərin elmi dövriyyəyə daxil etdikləri çox sayda yeni materiallar əsasında yazılmış bu monoqrafiya Məhtimqulunun Azərbaycan və Azərbaycan ədəbiyyatı ilə bağlılığına dair materiallarla zəngindir. Hazırda da bu istiqamətdə tədqiqat işləri davam etdirilir.