Azərbaycanın Milli bayramı – Respublika Günü İsraildə də qeyd olunmuşdur
Bakı, 31 may (AZƏRTAC). “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası Azərbaycan Demokratik Respublikasının yaranmasının 93-cü ildönümünü qeyd etmişdir.
“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman tərəfindən təşkil olunmuş tədbir Afula şəhərində merin birinci müavini Boris Yudisin dəstəyi və şəxsi iştirakı ilə keçirilmişdir.
Azərbaycanın və İsrailin dövlət bayraqları ilə bəzədilmiş Afula şəhər bələdiyyəsinin “Döyüş Şöhrəti” zalında keçirilmiş tədbirdə Azərbaycan icmasının nümayəndələri, Bakıdan gələn qonaqlar, eləcə də müxtəlif xalqların diasporlarının və ictimai təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının sədri İosif Şaqal, onun müavinləri Kiryat-Yam şəhərinin meri Adam Amilov və Akko Şəhər Şurasının üzvü, politoloq Yuriy Boçarov çıxış etmişlər.
Qonaqlara müsəlman Şərqində ilk dünyəvi dövlət - Azərbaycan Demokratik Respublikasının tarixi barədə ətraflı məlumat verilmişdir.
Müasir Azərbaycanın inkişafı, Bakının və respublikanın digər şəhərlərinin son illər ərzində dəyişməsi, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu, milyonadək azərbaycanlı qaçqının və məcburi köçkünün taleyi, eləcə də Knessetdə uydurma “erməni soyqırımı”nın tanınması ehtimalı ətrafındakı vəziyyət barədə məlumatlar tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Sonuncu məsələni şərh edən natiqlər Rus-Türk müharibəsinin tarixinə ekskurs edərək, 1915-ci ildə törədilmiş faciəvi hadisələrin hansı səbəbdən heç bir halda beynəlxalq hüququn müəyyən etdiyi “genosid” termininə uyğun gəlmədiyini tutarlı faktlarla izah etmişlər.
Tədbir iştirakçılarının “Odlar yurdu”nun tarixinə və müasir siyasətinə, Azərbaycan-İsrail münasibətlərinə dair sualları cavablandırılmışdır.
Bundan əlavə, tədbirdə Azərbaycanın tarixinə dair kitablardan, incəsənətinə dair albomlardan, eləcə də Moskvada dərc olunmuş və müasir ölkəmizin keçmişi, mədəniyyəti, ənənələri və uğurlarından bəhs edən “Bakı” jurnalının nüsxələrindən ibarət sərgi təşkil olunmuşdur.