Azərbaycanın qazandığı böyük zəfər İğdırda coşqu ilə qarşılanıb
Ankara, 11noyabr, AZƏRTAC
Müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etməsi istiqamətində qazandığı zəfər Türkiyənin İğdır şəhərində böyük coşqu ilə qarşılanıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə İğdır Azərbaycan Evi Dərnəyi ilə Mələkli bələdiyyəsi birgə aksiya keçiriblər.
Əvvəlcə şəhidlərimizin ruhuna dualar oxunub.
Mələkli bələdiyyəsinin sədri Eray Coşar, İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal və başqaları iştirakçılar qarşısında çıxışlarında Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində qazanılan qələbənin böyük zəfərə təsirindən danışıblar.
İşğal altındakı torpaqlarımızın azad edilməsi üçün göstərilən hərbi-siyasi səylərin nəticəsinin Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığını vurğulayan çıxışçılar bildiriblər ki, ərazi bütövlüyümüzün bərpası layiq olduğumuz ədalətin bərqərar olmasıdır. Qeyd edilib ki, Azərbaycanla Naxçıvan arasında quru əlaqəsinin qurulması Türkiyə ilə Azərbaycanın tranzit imkanlarını daha da artıracaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara